Məktəb sadəcə təhsil ünvanıdır

SOSİAL
14:49 / 09.10.2026
150

Uşaq məktəbə dinini nümayiş etdirmək üçün deyil, öyrənmək, düşünmək və gələcəyini qurmaq üçün getməlidir.

Məktəblilərin hicabla dərsə gəlməsi düzgün yanaşma deyil. Məsələ uşağın yaşı, dünyagörüşü, seçim azadlığı və məktəbin mahiyyəti ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, məktəb təhsil müəssisəsidir. Buraya gələn uşağın əsas məqsədi dərs oxumaq, bilik qazanmaq, özünü inkişaf etdirmək olmalıdır. Məktəbli geyiminin də müəyyən qaydaları varsa, bu qaydalar bütün şagirdlərə bərabər şəkildə tətbiq edilməli, məktəb mühiti geyim və görünüş fərqləri üzərindən müzakirə meydanına çevrilməməlidir.

Məsələn, ibtidai sinifdə təhsil alan uşaq dini anlayışları nə dərəcədə dərk edə bilər? Uşaq Allahın varlığını, ailəsinin hansı dinə mənsub olduğunu bilə bilər. Ancaq dinin bütün qaydalarını, onların mahiyyətini və şəxsi həyatına təsirini anlamaq tamam başqa məsələdir. O yaşda uşağın qarşısına qoyulan hər bir qaydanın səbəbini müstəqil şəkildə qiymətləndirmək imkanları məhduddur.

Bəs belə bir yaşda uşağın başını örtməsi qərarını kim verir? Bu, həqiqətən, onun öz seçimidir, yoxsa ailənin dünyagörüşünün uşağa ötürülməsidir? 

Əgər uşaq niyə hicab taxdığını izah edə bilmirsə, onun bu seçiminin nə dərəcədə şüurlu olduğunu da müzakirə etmək lazımdır. Üstəlik, söhbət təkcə birinci sinif şagirdlərindən getmir. On birinci sinifdə oxuyan yeniyetmənin düşüncələri altı yaşlı uşağın düşüncələri ilə eyni deyil. Bununla belə, məktəb dövründə dini geyim məsələsinə fərdi seçimdən daha çox, ümumi məktəb qaydaları və uşağın hüquqları çərçivəsində yanaşılmalıdır.
Məktəbliyə makiyajın, həddindən artıq bəzəyin və diqqəti təhsildən yayındıran görünüş yarışının yaraşmadığını düşündüyümüz kimi, dini simvolların da məktəbli geyiminin bir hissəsinə çevrilməsi doğru deyil. Uşaq məktəbə səliqəli, təmiz, yaşına uyğun və məktəbin müəyyən etdiyi geyim qaydalarına riayət edərək gəlməlidir. Qızın saçını sadəcə səliqə ilə yığması ilə başını dini səbəblə örtməsi arasında fərq var. Birincisi gigiyena və görünüş məsələsi, ikincisi isə dini məna daşıyan seçimdir.

Əlbəttə, insanın dini inancına hörmət edilməlidir. Heç kimin inancına görə alçaldılması, təhqir olunması və ya ayrı-seçkiliyə məruz qalması qəbuledilməzdir. Amma inanca hörmətlə məktəb yaşında uşağın üzərində dini geyim gözləntisinin yaradılması eyni məsələ deyil. 

Uşaq böyüdükcə düşüncələri formalaşır, müxtəlif fikirlərlə tanış olur, suallar verir və öz mövqeyini müəyyənləşdirir. Yetkinlik yaşına çatdıqda, qanunvericiliyin müəyyən etdiyi çərçivədə, hicab taxmaq və ya taxmamaq onun şəxsi inancına və seçiminə çevrilə bilər. İnsan istəsə, başını örtər, istəsə, açıq gəzər. Əsas odur ki, bu qərar qorxudan, məcburiyyətdən və ya başqalarının təzyiqindən deyil, öz iradəsindən qaynaqlansın.

Biz məktəbə hansı məqsədlə göndəririk? Onların ilk növbədə yaxşı oxumasını, dünyanı tanımasını, sərbəst düşünməsini, gələcəkdə öz qərarlarını verə bilən insanlar kimi yetişməsini istəyirikmi? Elə isə diqqətimizi onların geyimindən əvvəl təhsilinə, davranışından əvvəl düşüncəsinə, görünüşündən əvvəl şəxsiyyətinin formalaşmasına yönəltməliyik.

Məktəbli ilk növbədə şagird olmalıdır. Məktəb onun dini kimliyini nümayiş etdirdiyi yer deyil, bilik qazandığı, dünyagörüşünü formalaşdırdığı və gələcəyə hazırlaşdığı məkandır. Uşaqlara inanc haqqında danışmaq olar, onları suallar verməyə təşviq etmək olar. Ancaq dini seçimlərin onların yerinə əvvəlcədən müəyyənləşdirilməsi əvəzinə, düşünmək və seçim etmək bacarıqlarının inkişafına üstünlük verilməlidir.

Sevinc

0