Azərbaycan və Türkmənistanın iqtisadi əlaqələri – “Böyük potensial var”

İQTİSADİYYAT
11:02 / 09.10.2026
169

Azərbaycan və Türkmənistan arasında münasibətlər tarixi, mədəni və iqtisadi əlaqələrə əsaslanaraq inkişaf edir. 

İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. 

Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Türkmənistan arasında iqtisadi əlaqələrin genişləndirilməsi prioritet məsələlərdəndir:

“Dövlətlər arasında strateji münasibətlərin dərinləşməsi, qarşılıqlı yüksək səviyyəli səfərlər və birgə layihələrin həyata keçirilməsi iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Hazırda Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsinin strukturuna nəzər saldıqda, əsasən Türkmənistandan enerji məhsullarının idxalının, Azərbaycanın isə emal və aqrar məhsulların ixracının üstünlük təşkil etdiyi müşahidə olunur”.

412033

Millət vəkili qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər böyük potensial mövcuddur:

“Bu imkanlar enerji layihələrində də özünü göstərir. Artıq “Dostluq” yatağının birgə istismarı həyata keçirilir ki, bu da Azərbaycan-Türkmənistan dostluğunun və əməkdaşlığının nümunəsi kimi qiymətləndirilir.

Nəqliyyat və logistika sahəsində də əməkdaşlıq imkanları genişdir. Bu istiqamətdə birgə fəaliyyət ölkələrin ərazisindən daşınan yüklərin həcminin artmasına, eyni zamanda onların valyuta gəlirlərinin yüksəlməsinə töhfə verə bilər”.

V. Bayramov vurğulayıb ki, emal sənayesinin müxtəlif istiqamətlərində, xüsusilə neft emalı və neft məhsullarının istehsalı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları da yüksək qiymətləndirilir:

“Ümumilikdə, Azərbaycan və Türkmənistan arasında həm enerji, həm də qeyri-enerji sektorlarında əməkdaşlıq potensialı böyükdür. Azərbaycan Prezidentinin Türkmüstana səfərinin də mövcud imkanlardan daha səmərəli istifadə olunmasına və ikitərəfli iqtisadi əlaqələrin yeni istiqamətlər üzrə inkişafına şərait yaradacağı gözlənilir”.

Sevinc

0