Trampın Zelenski ilə bağlı şok açıqlamasına SƏBƏB NƏDİR?

DÜNYA
12:32 / 12.10.2026
279

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski barəsindəki fikirləri ilə diqqət çəkib.

O, Ukrayna liderini müharibənin başa çatması ilə bağlı razılaşmaya mane olmaqda ittiham edib. Tramp həmçinin Ukraynanın yeni prezidentə ehtiyacı olduğunu da söyləyib. Bu açıqlamalar Vaşinqtonun Kiyevə dəstəyinin gələcəyi, eləcə də Ukraynada seçkilərin keçirilməsi məsələsini yenidən gündəmə gətirib. Mövcud vəziyyətdə ABŞ Kiyevə hərbi və maliyyə yardımını azalda, eləcə də Ukraynada seçkilərin keçirilməsi üçün təzyiqlər arta bilərmi?

Siyasi şərhçi Azad Məsiyev Hit.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna münaqişəsi ABŞ-nin strateji planının tərkib hissəsidir:

“ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibənin başa çatmasına mane olduğu və Ukraynaya yeni prezident lazım olduğu barədə açıqlamaları da bu strategiya çərçivəsində atılan növbəti taktiki addım kimi qiymətləndirilə bilər. Tramp daha əvvəl münaqişənin yaranmasına görə sabiq prezident Co Baydeni məsul tutsa da, Bayden də, Tramp da ABŞ-nin ümumi strategiyasını həyata keçirən dövlət başçılarıdır. ABŞ-də hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ölkənin strateji hədəfləri dəyişməz qalır, yalnız dövrün və şəraitin tələblərinə uyğun olaraq taktiki yanaşmalar fərqlənir. 

Vaşinqtonun strategiyasında Rusiya rəqib və geosiyasi rəqib kimi nəzərdən keçirilir. Rusiyanın beynəlxalq siyasi müstəvidə təcrid olunmasına yönəlmiş uzunmüddətli siyasət Ukrayna münaqişəsinin yaranması və davam etməsi ilə nəticələnib. Bu strategiyanın əsas istiqamətlərindən biri Rusiya ilə Avropa arasında uzunmüddətli qarşıdurmanın formalaşdırılmasıdır”.

412336

O qeyd edib ki, Zelenskinin müharibəni uzatması və Ukraynaya yeni prezidentin lazım olması barədə Trampın açıqlamaları da həmin taktiki yanaşmanın tərkib hissəsidir: 

“Tramp prezident seçkiləri zamanı hakimiyyətə gəldikdən sonra münaqişəni qısa müddətdə dayandıracağına söz vermişdi. Lakin onun hakimiyyətə gəlməsindən sonra münaqişənin dayandırılması istiqamətində nəticə əldə olunmayıb, əksinə, qarşıdurma daha da şiddətlənərək davam edib. Münaqişənin uzanması gələcəkdə Rusiya ilə Avropa arasında faktiki və ya hüquqi müstəvidə daha genişmiqyaslı qarşıdurmaya gətirib çıxara bilər. Hazırkı vəziyyəti yalnız Rusiya-Ukrayna müharibəsi kimi deyil, mahiyyət etibarilə NATO ilə Rusiya arasında gedən qarşıdurma kimi qiymətləndirilməlidir. 

Trampın Zelenski ilə bağlı son bəyanatları, ilk növbədə, ABŞ ictimaiyyətinə və seçicilərinə ünvanlanıb. Konqresə seçkilər ərəfəsində Respublikaçılar Partiyasının mövqelərinin zəifləməsi və Trampın ictimai imicinin aşağı düşməsi ilə bağlı müzakirələr bu açıqlamaların siyasi motivlərini anlamaq baxımından əhəmiyyətlidir”.

Ekspertin qənaətinə görə, Tramp belə bəyanatlarla seçicilərin dəstəyini artırmağa və siyasi mövqelərini möhkəmləndirməyə çalışır:

“ABŞ hazırda Ukraynaya əvvəlki formatda birbaşa maliyyə yardımı ayırmır, silah və sursat tədarükündə isə Avropa ölkələrinin maliyyələşdirdiyi satınalmalar mühüm yer tutur. Bu mexanizm də münaqişənin davam etməsinə təsir göstərən amillərdən biridir. Avropa münaqişənin iqtisadi yükünü daşıyır. Tramp bir tərəfdən danışıqlardan, sülhdən və dialoqdan danışsa da, digər tərəfdən Avropanın Ukraynaya göstərdiyi hərbi və siyasi dəstək münaqişənin davam etməsində rol oynayır.

Rusiya-Ukrayna münaqişəsi qlobal iqtisadi və siyasi sistemi köklü şəkildə dəyişir.  Müharibənin uzanmasından ən çox zərər görən tərəflərdən biri Avropa İttifaqıdır. Çünki Avropa ölkələri Ukraynaya yardım məqsədilə yüz milyardlarla vəsait ayırır. Həmin vəsaitlərin Avropa iqtisadiyyatının inkişafına yönəldilməsi iqtisadi potensialın güclənməsinə töhfə verə bilərdi”.

A. Məsiyev diqqətə çatdırıb ki, ABŞ-nin əsas məqsədlərindən birinin Rusiya ilə Avropa arasında daha genişmiqyaslı qarşıdurma yaratmaqdır:

“Baltikyanı ölkələr, Böyük Britaniya və Almaniyada təhlükəsizlik və hərbi hazırlıq məsələlərinin gündəmdə olmasını da bu prosesin tərkib hissəsidir. Trampın Zelenski ilə bağlı açıqlamaları ABŞ-nin uzunmüddətli strategiyasının dəyişməsi deyil, daha çox daxili siyasi vəziyyətə və seçici auditoriyasına hesablanmış taktiki gediş kimi nəzərdən keçirilməlidir”.

Sevinc

0