Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin artıq yeni strateji mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.
Dövlətimizin başçısının çıxışında səsləndirdiyi fikirlər yalnız mövcud əməkdaşlığın nəticələrini deyil, həm də qarşıdakı dövr üçün ortaq inkişaf prioritetlərini müəyyənləşdirən mühüm siyasi mesajlar idi.
Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi bu baxımdan xüsusi tarixi əhəmiyyət daşıyır. Bu qərar Azərbaycanın regiondakı artan siyasi, iqtisadi və geostrateji rolunun məntiqi nəticəsidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu qərarın qəbulunda Türkmənistanın və şəxsən Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü xüsusi rol oynayıb.
Azərbaycanın bu formata qoşulması artıq Xəzərin iki sahilində yerləşən dövlətləri birləşdirən əməkdaşlıq mexanizminin daha geniş siyasi və iqtisadi məzmun qazanmasına imkan yaradır.
Bu gün Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər yalnız siyasi dialoqla məhdudlaşmır. Qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivləşməsi, ticarət dövriyyəsinin artması, investisiya layihələrinin genişlənməsi və birgə müəssisələrin yaradılması yeni tərəfdaşlıq modelinin formalaşdığını göstərir.
Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması xüsusilə diqqətəlayiqdir. Bu fondların imkanlarından daha fəal istifadə edilməsi ölkələr arasında əməkdaşlığın “ticarət edən tərəfdaşlardan” “birlikdə istehsal edən və investisiya qoyan tərəfdaşlara” çevrilməsinə şərait yaradır.
Münasibətlərin siyasi və iqtisadi tərəfi ilə yanaşı, humanitar və mənəvi ölçüsü də getdikcə güclənir. Mərkəzi Asiya ölkələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək bunun ən parlaq nümunəsidir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Manas adına məktəbin inşa edilməsi qardaş ölkələrin Azərbaycanın Zəfərindən sonrakı quruculuq prosesinə real töhfəsidir.
Türkmənistanın Füzulidə məscid inşa etməsi isə bu həmrəyliyin mənəvi və mədəni məzmununu daha da gücləndirir.
Prezident İlham Əliyevin çıxışında nəqliyyat məsələsinə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Azərbaycanla Mərkəzi Asiya arasında Xəzər üzərindən formalaşan nəqliyyat bağlantıları ölkələrimizi beynəlxalq bazarlara çıxaran mühüm strateji arteriyaya çevrilir.
Orta Dəhlizin artan əhəmiyyəti Azərbaycanın yalnız tranzit ölkə deyil, Avrasiya məkanında mühüm logistika qovşağı kimi mövqeyini daha da möhkəmləndirir. Bakı Limanı, dəmir yolları, avtomobil magistralları, hava limanları və rəqəmsal bağlantılar bu böyük nəqliyyat ekosisteminin mühüm elementləridir. Energetika sahəsində də Azərbaycanın rolu getdikcə artır.
Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması, eləcə də Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində görülən işlər ölkələrimizin enerji təhlükəsizliyi və enerji keçidi prosesində ortaq maraqlarını nümayiş etdirir.
Bütün bunlar göstərir ki, Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı artıq ikitərəfli münasibətlər məcmusu deyil, daha geniş regional əməkdaşlıq modelidir. Bu modelin əsas dayaqları siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, nəqliyyat bağlantıları, enerji əməkdaşlığı, humanitar həmrəylik və ən başlıcası, sülh və sabitliyə ortaq bağlılıqdır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, məhz sülh, təhlükəsizlik və siyasi-iqtisadi sabitlik əldə olunan nailiyyətlərin əsas təminatıdır. Bu baxımdan Türkmənbaşı görüşü Azərbaycan və Mərkəzi Asiyanın gələcək əməkdaşlığının daha böyük perspektivlərə malik olduğunu təsdiqləyən mühüm siyasi platforma kimi qiymətləndirilməlidir.
Jalə Əliyeva
Milli Məclisin deputatı



