Azərbaycanın zəngin təbiəti ekoturizm üçün böyük imkanlar yaratsa da, bu potensialın nə dərəcədə səmərəli istifadə edildiyi sual olaraq qalır.
Dağlar, meşələr, milli parklar, göllər və kənd həyatı turistlər üçün fərqli təcrübələr vəd edir. Bəs Azərbaycanda ekoturizm hazırda hansı mərhələdədir və bu sahənin inkişafı üçün hansı addımlar atılır?
Turizm eksperti Elçin Rüstəm Hit.az-a açıqlamasında bildirib ki, ekoturizmin inkişafında regionların rolu da xüsusi əhəmiyyət daşıyır:

“Çünki bu turizm növünün əsas üstünlüklərindən biri turist xərclərinin yalnız iri şəhərlərdə deyil, kənd və rayonlarda da iqtisadi dövriyyə yaratmasıdır. Yerli sakinlərin bələdçilik, kənd evlərinin qonaq qəbul etməsi, milli mətbəx, əl işləri və digər xidmətlər vasitəsilə turizmə qoşulması regionlarda əlavə gəlir mənbələri yarada bilər.
Hazırda Azərbaycanda ekoturizm istiqamətində müəyyən canlanma müşahidə olunur. Milli parklarda piyada və ekoturizm marşrutlarının yaradılması, təbiət ərazilərinin daha geniş tanıdılması, bələdçilərin hazırlanması və ekoloji maarifləndirmə tədbirlərinin keçirilməsi bu sahəyə diqqətin artdığını göstərir”.
Ekspert hesab edir ki, ekoturizmin inkişafında regionlarda yaşayan insanların prosesə cəlb edilməsi də mühüm istiqamətlərdən biri olmalıdır:
“Turist yalnız milli parkı gəzməklə kifayətlənməməli, həmin bölgənin kənd həyatı, yerli mətbəxi, sənətkarlığı və digər xüsusiyyətləri ilə də tanış ola bilməlidir. Belə model qurularsa, turizmdən əldə olunan gəlirin bir hissəsi birbaşa yerli icmalara çatar və onların da təbiətin qorunmasında marağı artar”.
Sevinc


