Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla imzalanması gözlənilən sülh sazişi barədə danışıb.
O, tezliklə Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasına diqqət yönəltmək lazım olduğunu bəyan edib. Paşinyanın bu açıqlamasından sonra yekun sülh sazişinin nə zaman imzalana biləcəyi ilə bağlı müxtəlif ehtimallar səslənidirilməyə başlanılıb. Lakin bunun baş verməsi üçün əvvəlcə Ermənistanda Konstiyusiya dəyişikliyinə gedilərək ölkəmiz barəsindəki ərazi iddiaları aradan qaldırılmalıdır.
Siyasi şərhçi Müşfiq Abdulla Hit.az-a açıqlamasında bildirib ki, Paşinyanın bəyanatı sülh prosesində irəliləyişə nail olunması baxımından böyük əhəmiyyət daşıyır:
“Ermənistanın Baş nazirinin sülh müqaviləsi ilə bağlı son fikirlərini səsləndirməsində onun oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistanda keçirdiyi qeyri-rəsmi görüşün və apardığı müzakirələrin mühüm rolu olduğunu düşünürəm. Çox güman ki, liderlər sülh müqaviləsinin imzalanması üçün hər iki tərəfin atmalı olduğu zəruri addımların sürətləndirilməsinin vacibliyini müzakirə ediblər.
Lakin Paşinyanın dediyi kimi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanması və ratifikasiya edilməsi nə qədər zəruri görünsə də, bu, mövcud siyasi reallıqlara tam uyğun gəlmir. Çünki Azərbaycan əvvəldən bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün ilk növbədə Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir”.

Ekspert qeyd edib ki, Ermənistan Konstitusiyasının preambulasında ölkənin Müstəqillik Bəyannaməsinə istinad var:
“Həmin bəyannamədə isə Azərbaycana qarşı ərazi iddiaları yer alır. Məlum olduğu kimi, hazırda Ermənistanda yeni Konstitusiyanın hazırlanması istiqamətində işlər aparılır. Bu baxımdan, cari ilin sonuna qədər yeni Konstitusiyanın mətninin dərc edilərək ictimaiyyətə təqdim olunması gözlənilir.
Əgər Ermənistan ilin sonuna qədər konstitusiya referendumu keçirməyə nail olar və Konstitusiyanın preambulasından mübahisəli istinad çıxarılarsa, Azərbaycanla sülh müqaviləsinin qısa müddətdə imzalanması və ratifikasiyası mümkün ola bilər”.
Həmsöhbətimizin sözlərinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” Partiyası iyun ayında keçirilən parlament seçkilərindən sonra konstitusiya çoxluğunu itirdiyinə görə əsas qanuna dəyişiklik edilməsi məsələsində ciddi problemlə üzləşib:
“Bu səbəbdən hesab edirəm ki, Paşinyanın hazırda sülh müqaviləsi barədə danışması daha çox məsuliyyəti Azərbaycanın üzərinə yönəltmək və Ermənistanın sülh istədiyi, bu istiqamətdə dərhal addım atmağa hazır olduğu, ölkəmizin isə guya prosesi ləngitdiyi barədə mesaj vermək məqsədi daşıya bilər. Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlamentdə konstitusiya çoxluğuna malik olmamasına baxmayaraq, Ermənistanda referendum keçirilməsi mümkündür.
Bu il iyulun 3-də Ermənistan parlamenti referendum haqqında qanuna və ölkənin Seçki Məcəlləsinə dəyişiklik edib. Həmin dəyişikliklərə əsasən, son 730 günün ən azı 366 gününü ölkə ərazisində yaşayan şəxslər seçkilərdə və referendumlarda iştirak etmək, səs vermək hüququ əldə edirlər.
Beləliklə, Paşinyanın ölkə daxilindəki sabit elektoratının referendumda iştirak etmək imkanı yaranır. Xaricdə yaşayan erməni diasporunun nümayəndələri və onların təsiri altında olan ikili vətəndaşlığa malik bir çox erməni isə səsvermə prosesindən kənarda qala bilər”.
Siyasi şərhçi diqqətə çatdırıb ki, Ermənistan müxalifətinin bu qanuna edilən dəyişikliklərə etiraz etməsinin əsas səbəblərindən biri də budur:
“Müxalifət xaricdə yaşayan ermənilərin referendumda səsvermə hüququnun məhdudlaşdırılmasına qarşı çıxır. Bu səbəbdən parlamentdəki müxalifət Konstitusiya Məhkəməsinə müraciət edib. Məsələyə dekabr ayında məhkəmədə baxılacaq.
Əgər Konstitusiya Məhkəməsi müxalifətin iddiasını rədd edərsə, həmin vaxta qədər yeni Konstitusiyanın mətni dərc olunmuş ola bilər. Bu halda dekabrda və ya gələn ilin əvvəlində Ermənistanda referendum keçirilməsi və yeni Konstitusiyanın qəbuluna nail olunması mümkün görünür”.
Müşfiq Abdulla hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və referendumun keçirilməsi məsələsi qarşıdakı dövrdə baş verəcək proseslərdən asılı olacaq:
“Vaxt getdikcə azalır və ilin sonuna cəmi iki aydan bir qədər artıq müddət qalır. Qarşıdakı iki ay ərzində Ermənistanın yeni Konstitusiyasının qəbulu və referendumla bağlı baş verəcək proseslər Paşinyan hakimiyyətinin sülhə nə dərəcədə hazır olduğunu daha aydın göstərəcək.
Əgər Ermənistan həqiqətən də yeni Konstitusiya qəbul edər, əsas qanununda və digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırarsa, bu ilin sonu və gələn ilin əvvəlində yekun sülh müqaviləsinin imzalanmasının şahidi ola bilərik”.
Sevinc


