“Məktəblərdə tətbiq olunan vahid məktəbli geyiminin süni şəkildə ajiotaja çevrilməsi və bunun “hicab qadağası” kimi təqdim olunması yolverilməzdir”.
Bu sözləri “Cebhe.İnfo” Xəbər Portalının baş redaktoru Rəfail Becanov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda hicab qadağan deyil, sadəcə məktəbli forması ilə məktəbə gəlmək tələbi var:
“Məktəblər din ocağı deyil ki, kimsə öz dini baxışlarını və ya geyimini orada nümayiş etdirsin. Ona görə də məsələnin siyasiləşdirilməsi, məktəblərdə aqressiv davranışların nümayiş etdirilməsi, qarşıdurma yaradan şüarların səsləndirilməsi, digər təxribatlar və xüsusən də uşaqların bu proseslərə cəlb olunması təsadüfi sayılmamalıdır. Əskinə, bütün bunlar ciddi suallar doğurur”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, baş verənlər mümkün kənar təsirlər, koordinasiyalı fəaliyyət prizmasında hüquqi müstəvidə araşdırmanı zəruri edir:
“İran və onun daxilində Azərbaycana təsir göstərmək niyyətində olan dairələr anlamalıdırlar ki, bizim ölkəmiz onların siyasi və dini eksperimentlərinin meydanı olmayıb və olmayacaq! Məktəblərin xarici mərkəzlərin ideoloji təsir dairəsinə düşməsinə, təzyiq alətinə çevrilməsinə imkan vermək olmaz. Dini hisslərlə Azərbaycanda gərginlik yaratmaq mümkün deyil.
Azərbaycana heç kim iradəsini qəbul etdirə bilməz. Dövlətçiliyimiz, qanunlarımız və milli maraqlarımız hər şeydən üstündür. Azərbaycanın daxili işlərinə müdaxilə etmək, cəmiyyətin həssas mövzularını siyasi təzyiq vasitəsinə çevirmək cəhdlərini cəmiyyətimiz özü rədd edir”.
Lakin baş redaktor söyləyib ki, bəzi qüvvələr bütün imkanları ilə bizim daxili işləriməz müdaxilə etməyə cəhd edirlər:
“Bu məsələdə uşaqların alətə çevrilməsi qəbuledilməzdir. Uşaqların dini hissləri və valideynlərin narahatlıqları üzərindən siyasi oyun qurmaq vicdana, dini dəyərlərə hörmətsizlikdir. Məktəb təxribat məkanı deyil, təhsil ocağıdır. Bizim hər birimizin vətəndaş olaraq borcumuz o ocağı yad ünsürlərdən, ideologiyalardan və təzyiqlərdən qorumaqdır”.
Rəfail Becanov vurğulayıb ki, hicabı bəhanə edib uşaqların vasitəyə, məktəblərin isə siyasi mübarizə meydanına çevrilməsinə razı ola bilmərik:
“Hüquqi dövlətdə qanun hamı üçün məcburidir. Heç bir dini şüar, heç bir xarici siyasi tapşırıq və heç bir təzyiq cəhdi qanundan üstün ola bilməz. Bu ölkədə son sözü xarici mərkəzlər, onların fitvasına uyanlar deyil, Azərbaycan Respublikasının qanunları deyir”.
Elmir Mustafa



