Böyük Britaniyanın lüks avtomobil istehsalçısı “Jaguar” brend tarixinin bugünədək istehsal etdiyi ən güclü seriyalı avtomobili ünvanını daşıyan tamamilə elektrikli “Type 01” modelini rəsmən nümayiş etdirib.
Hit.az xəbər verir ki, elektrikli mobillik dövründə brend üçün tamamilə yeni era başladan bu dördölçülü lüks “Grand Tourer” modeli kəskin dizayn xətlərini yüksək sürüş dinamikası ilə birləşdirir.
“Jaguar Type 01” texniki göstəriciləri ilə elektromobil seqmentində standartları yenidən müəyyənləşdirir. Biri ön, ikisi arxa oxda yerləşən cəmi üç elektrik mühərrikindən bəslənən avtomobil 1030 at gücü və 1.365 Nm fırlanma anı (tork) hasil edir. Bu güclü aqreqat sayəsində də nəqliyyat vasitəsi 0-dan 100 km/saat sürəti cəmi 3,2 saniyəyə yığır.
Model 118 кVt/saatlıq batareya bloku və 850 voltluq elektrik arxitekturası sayəsində WLTP ölçmələrinə əsasən tək şarjla 724 kilometr yürüş məsafəsi vəd edir. Gövdə uzunluğu 5,24 metr olan avtomobil dörd təkərin dönməsi sistemi ilə təchiz edilib. Bundan əlavə, arxa təkərlərin 6 dərəcəyə qədər dönmə bucağı sayəsində böyük qabaritli maşın cəmi 11,5 metrlik fırlanma diametri nümayiş etdirir.
Pnevmatik “Dynamic Air Suspension” asqı sistemi və aktiv arxa spoyler yüksək sürətlərdə aerodinamik basma qüvvəsini və yol tutuşunu maksimum səviyyəyə çatdırır. Həmçinin, avtomobilin interyerində sürücünü 24 düymlük nəhəng OLED göstəricilər paneli və mərkəzi konsolda yerləşən 7 düymlük şaquli toxunma displey qarşılayır.
Bundan başqa, ənənəvi dikxarici güzgünü “soundbar” dinamik sisteminin daxilinə gizlədilmiş “ClearSight” rəqəmsal ekranı əvəz edir. Qatlanan arxa oturacaqlar sayəsində isə avtomobilin baqaj həcmi 1 000 litrə qədər genişlənə bilir.
Qeyd edək ki, “Jaguar” rəhbərliyi “Type 01” modelinin rəsmi satışa çıxarılma tarixini və qiymətini hələlik açıqlamayıb.
Pərviz







