Son dövrlərdə əmək bazarında “təcrübə proqramı” adı altında təqdim olunan iş elanlarına tez-tez rast gəlirik. Xüsusilə gənclərə bir neçə ay müddətində, gündə səkkiz saat olmaqla, heç bir ödəniş edilmədən işləmək təklif olunur. İşəgötürənlər bu cür təklifləri bəzən təcrübə qazanmaq, inkişaf etmək və gələcəkdə işlə təmin olunmaq imkanı kimi təqdim edirlər.
Bəs qanun kimlərin bu formada işlədilməsinə məhdudiyyət qoyur?
Bizim.Media xəbər verir ki, Əmək Məcəlləsində sınaq müddəti ilə bağlı müddəlar nəzərdə tutulub.
Məcəllənin 51-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən işçinin peşəkarlıq səviyyəsini və əmək funksiyasını yerinə yetirmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilə bilər. Altı ayadək müddətə bağlanan əmək müqavilələrində sınaq müddəti ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay ola bilər.
Lakin qanun bütün işçilər üçün sınaq müddətinin tətbiqinə icazə vermir. Məcəllənin 52-ci maddəsinə görə,18 yaşına çatmamış şəxslər, müsabiqə yolu ilə müvafiq vəzifəni tutan şəxslər, hmilə qadınlar və üç yaşına çatmamış uşağı olan qadınlar, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər, təhsil müəssisəsini bitirdiyi ildə ixtisası və ya peşəsi üzrə ilk dəfə işə götürülən şəxslər, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslər, iki ay müddətinədək əmək müqaviləsi bağlanan şəxslər və ərəflərin razılığı ilə müəyyən edilən digər hallara aid şəxslər işə qəbul olunarkn sınaq müddətinə cəlb edilə bilməzlər.
Məsələn, ali və ya orta ixtisas təhsilini bitirdiyi ildə ixtisası üzrə ilk dəfə işə qəbul olunan gəncdən üç aylıq sınaq müddəti tələb edilməsi qanunun həmin müddəasına uyğun deyil.
Bəs üç aylıq ödənişsiz təcrübə qanunidirmi?
Sınaq müddəti əmək müqaviləsi çərçivəsində tətbiq edilir və işçinin əməkhaqqı hüququnu aradan qaldırmır. Əgər şəxs gündə səkkiz saat işə gəlir və müəssisənin gündəlik iş prosesində iştirak edirsə, yəni əmək münasibətləri mövcud olduğu halda, işçinin üç ay ərzində ödənişsiz işlədilməsi qanun pozuntusu yarada bilər.


