Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

TƏHSİL
15:10 / 15.10.2026
47

Türkiyənin Tekirdağ şəhərində Tekirdağ Üzümçülük Tədqiqat İnstitutu tərəfindən Beynəlxalq iştiraklı XI Türkiyə Üzümçülük və Texnologiyaları Simpoziumu təşkil olunub. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tədbirdə iştirak ediblər.

Simpoziumun əsas məqsədi üzümçülük və şərabçılıq sahəsində aparılan elmi-tədqiqat işlərinin nəticələrinin mübadiləsi, müasir texnologiyaların və innovativ yanaşmaların müzakirəsi, eləcə də elmi müəssisələr, tədqiqatçılar və istehsal sektoru arasında əməkdaşlığın genişləndirilməsi olub.

Simpoziumun açılış mərasimində üzümçülük sektorunun mövcud vəziyyəti, elmi və texnoloji yeniliklər, sahənin gələcək inkişaf perspektivləri müzakirə olunub. İqlim dəyişmələrinin üzümçülüyə təsiri və dəyişən iqlim şəraitinə uyğunlaşma məsələlərinə həsr olunmuş məruzələr təqdim edilib.

Simpoziumun elmi sessiyalarında yerli və xarici alimlər tərəfindən üzümçülük sahəsində aktual elmi nəticələr və texnoloji yeniliklər barədə təqdimatlar edilib. Üzümçülük sahəsində aparılan tədqiqatlar, sektoral məsələlər və istehsalat təcrübələri ətrafında müzakirələr aparılıb. Həmçinin elmi sessiyalar və poster təqdimatları vasitəsilə tədqiqat nəticələrinin mübadiləsi davam etdirilib. Növbəti Türkiyə Üzümçülük və Texnologiyaları Simpoziumunun Dicle Universitetində keçirilməsi qərara alınıb.

Sonra iştirakçılar Tekirdağ Üzümçülük Tədqiqat İnstitutunun üzüm bağları ilə tanış olub, burada aparılan işlər haqqında məlumatlandırılıblar.

Tədbir çərçivəsində elmi tədqiqatlarla istehsalat təcrübəsi arasında əlaqələrin öyrənilməsi məqsədilə regionun şərab istehsal edən müəssisələrinə səfər təşkil edilib, müəssisələrin üzüm bağları və istehsal fəaliyyəti haqqında məlumat əldə olunub. 

Sonda iştirakçılar üçün Ədirnə və Yunanıstanın Saloniki şəhərlərinə səfərlər təşkil olunub. Qeyd edək ki, simpozium üzümçülük və şərabçılıq sahəsində beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, müasir tədqiqat istiqamətlərinin öyrənilməsi, elmi nəticələrin mübadiləsi və istehsalat təcrübəsinin mənimsənilməsi baxımından əhəmiyyətli platformadır.

0