Son günlərdə Azərbaycanda həm duru, həm də kərə yağının qiymətində nəzərəçarpacaq artım müşahidə olunur.
Xüsusilə son bir ayda bu məhsulların bahalaşması alıcıların xərclərinə təsirsiz ötüşmür. Gündəlik qida rasionunda geniş yer tutan yağ məhsullarının qiymətindəki dəyişikliklər bazardakı vəziyyətlə bağlı suallar yaradır. Bəs bahalaşmaya nə səbəb olur?
Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, bazarda yağ məhsullarının bahalaşması ölkənin xarici tədarükçülərdən yüksək asılılığı ilə bağlıdır:
“Daxili istehsalın tələbatı ödəmək gücündə olmaması qiymət dəyişikliklərinin yerli bazara təsirini artırır. Azərbaycanda istifadə olunan yağ məhsullarının böyük hissəsi idxal hesabına təmin edilir. Təxminən 90 faizə çatan bu asılılıq fonunda ölkədə istehsal olunan məhsulların payı olduqca aşağıdır”.

Ekspert diqqətə çatdırıb ki, mağazalarda yerli brendlərin adı ilə satışa çıxarılan yağların hamısı ölkə daxilində istehsal edilmir:
“Belə məhsulların bir qismi xaricdən hazır şəkildə və ya qablaşdırılmaq üçün gətirilir. Bu isə onların həqiqi mənada yerli istehsal kimi qiymətləndirilməsinə əsas vermir. Daxili istehsal imkanlarının məhdudluğu və idxal məhsullarından asılılıq yağ bazarında qiymətlərin formalaşmasına təsir göstərən başlıca amillər sırasındadır”.
Sevinc


