Qurban bayramı ərəfəsində heyvan bazarında canlanma ilə yanaşı, qiymət artımı da ənənəvi hal alır.
Hazırda şəhərin müxtəlif nöqtələrində quzu ətinin kiloqramı 21-22 manat arasında dəyişir, dana əti isə təxminən 18 manata satılır. Bu vəziyyət fonunda bayram günlərində ət məhsullarının qiymətinin necə dəyişəcəyi sual doğurur.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında bildirib ki, Qurban bayramı yaxınlaşanda heyvan bazarına maraq hər il artır və bu da qiymətlərə birbaşa təsir edir:
“İndi şəhərdə quzu əti 21-22 manat, dana əti isə 18 manat civarındadır. Bu, bayramdan əvvəlki adi səviyyə sayılır. Bayram günlərində qiymət adətən iki mərhələdə dəyişir. Bayrama 2-3 gün qalmış tələbat kəskin çoxalır. Xüsusilə iri və sağlam heyvanlara tələbat qalxır. Satıcılar bunu görüb qiyməti qaldırır. Quzu ətinin kiloqramı 23-25 manata, dana əti isə 19-20 manata qalxa bilər. Əgər bazara gətirilən heyvan azdırsa, bəzi yerlərdə qiymət daha da yuxarı qalxacaq”.

Ekspert qeyd edib ki, bayramın birinci günü səhər saatlarında qiymət ən yüksək həddə olur:
“Günorta və axşama doğru isə vəziyyət dəyişir. Kəsimi pik həddə çatdıran satıcı əlində mal qalmasın deyə qiyməti endirir. Bayramın ikinci və üçüncü günü tələbat kəskin düşdüyü üçün qiymət bayramqabağı səviyyəyə, hətta ondan da aşağıya qayıdır. Qiymətə hava da təsir edir. Yağışlı günlərdə kəndlərdən heyvan gətirmək çətinləşir, bazarda mal azalır və qiymət qalxır. Quru hava olsa, təklif çoxalır və artım nisbətən zəif olur”.
Onun sözlərinə görə, qonşu rayonlardan Bakıya gətirilən heyvanın sayı da rol oynayır:
“Maşın icarəsi, yem, baytar xərcləri bahalaşıbsa, satıcı bu xərci qiymətə əlavə edir. İndiki dizel və yem qiymətləri ilə satıcının mayası yüksəkdir, ona görə 1-2 manatlıq artım qaçılmaz görünür. Qısası, bayram ərəfəsində quzu 21-22 manatdan 23-25 manata, dana 18 manatdan 19-20 manata qalxa bilər. Bayramın ikinci günündən sonra isə qiymətlər yenidən əvvəlki səviyyəyə enəcək. Ən sərfəli vaxt ya bayramdan 5-6 gün əvvəl, ya da bayramın ikinci günü axşamdır”.
Günel Cəlilova

