Texnologiyanın sürətlə inkişaf etdiyi, süni intellektin həyatın müxtəlif sahələrinə nüfuz etdiyi bir dövrdə belə cadu, falçılıq və mistik qüvvələrə inam tamamilə aradan qalxmayıb.
Bir çox cəmiyyətdə bu inam müxtəlif formalarda yaşamaqda davam edir. Əslində, bu inancın kökündə insan psixologiyası, sosial münasibətlər, mədəni ənənələr və qeyri-müəyyənlik qarşısında izah axtarmaq ehtiyacı dayanır.
Qeyd edək ki, cadulara inamın formalaşmasında ailə və sosial mühit də mühüm rol oynayır. Uşaqlıqdan eşidilən hekayələr, nənə-babaların danışdığı əhvalatlar, qonşular arasında dolaşan rəvayətlər insanların şüuraltına təsir edir. Bir çox hallarda insan hər hansı hadisəni özü yaşamasa belə, ətrafındakı insanların təcrübələri onun düşüncəsinə təsir göstərir. Beləliklə, cadu anlayışı sadəcə fərdi inanc deyil, kollektiv yaddaşın və mədəni ənənələrin bir hissəsinə çevrilir.
Onu da deyək ki, cadulara inamın bu gün də yaşaması elmin zəifliyi ilə deyil, insan təbiətinin mürəkkəbliyi ilə bağlıdır. Ümumiyyətlə, insanlar hər zaman həyatdakı qeyri-müəyyənliklərə cavab axtarıblar və bəzən bu cavabları elmdə deyil, inanclarda tapmağa çalışıblar. Buna görə də müasir texnologiyalar dövründə belə, cadu və digər mistik inanclar cəmiyyətin müəyyən hissəsində öz mövqeyini qorumaqda davam edir.
Əvvəllər bu cür inanclar daha çox şifahi şəkildə yayılırdısa, bu gün sosial şəbəkələr onların əsas yayılma platformasına çevrilib. Falçılıq videoları, “enerji təmizləmə” iddiaları və şəxsi “möcüzəvi təcrübələr” geniş auditoriya toplayır. Beləliklə, cadu təmizləmək adı ilə iş görən saxtakarlar insanları ovsunlamağa davam edir...
Günel Cəlilova


