Sakit okean sularının isinməsi ilə əlaqəli El-Nino iqlim hadisəsi ətrafında yayılan bir sıra sensasion məlumatlar elmi əsaslara söykənmir. Alimlər xüsusilə bu təbiət hadisəsi nəticəsində 50 milyon insanın həyatını itirəcəyi ilə bağlı proqnozları təkzib ediblər.
HİT.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının professoru, Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin meteorologiya və klimatologiya kafedrasının professoru, coğrafiya elmləri doktoru Dariya Quşina “Gazeta.ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, El-Nino ilə bağlı yeni hadisənin gözlənilməsi mediada çoxsaylı yanlış məlumatların yayılmasına səbəb olub. Xüsusilə yaz aylarından etibarən bu fenomenin nəticələri barədə həqiqətə uyğun olmayan, şişirdilmiş proqnozlar dərc edilib.
Professor bildirib ki, bəzi nəşrlər El-Nino nəticəsində 50 milyon insanın öləcəyini iddia edib. Həmçinin qarşıdan gələn hadisə XIX əsrin sonlarında müşahidə olunan El-Nino ilə müqayisə edilib. Halbuki həmin dövrdə aparılan məhdud sayda ölçmələri müasir dövrdə minlərlə meteoroloji stansiyanın topladığı məlumatlarla müqayisə etmək elmi baxımdan düzgün deyil.
Alimin sözlərinə görə, mediada bu hadisənin mahiyyəti dəfələrlə yanlış təqdim olunub. Bəzi nəşrlər onu okean axını, külək, hətta sunami kimi xarakterizə edib.
Əslində El-Nino ekvatorial Sakit okeanın səth sularının dövri isinməsi ilə müşayiət olunan iqlim hadisəsidir. Bu proses dünyanın müxtəlif bölgələrində hava şəraitinə təsir göstərir.
Quşina vurğulayıb ki, El-Nino bəşər tarixində yalnız bir dəfə baş verən və ya əsrdə bir dəfə təkrarlanan apokaliptik hadisə deyil. Onun təkrarlanma tezliyi təxminən 2-8 il arasında dəyişir.
Bununla belə, alim hadisənin real nəticələrinin ciddi olduğunu da qeyd edib. El-Nino bəzi regionlarda quraqlıq və meşə yanğınlarına, digər ərazilərdə isə daşqınlara səbəb ola bilər.
Professorun fikrincə, bu təhlükələri düzgün qiymətləndirmək üçün sensasion proqnozlara deyil, elmi məlumatlara və müşahidələrə əsaslanmaq vacibdir.
Samir


