Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqına (Aİ) yeni üzv olacaq ölkələr üçün 10 illik sınaq müddətinin tətbiqi təşəbbüsünü tənqid edib.
HİT.az xəbər verir ki, hökumət başçısı bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Kobaxidzenin fikrincə, belə bir müddətin müəyyənləşdirilməsi ölkənin Aİ-yə üzvlüyünün əhəmiyyətini və dəyərini aşağı salır. O hesab edir ki, bu təşəbbüs Avropa bürokratiyasının birliyin obyektiv maraqlarına uyğun fəaliyyət göstərmədiyini göstərir.
Baş nazir bildirib ki, Aİ-yə qəbulun bu şəkildə dəyərsizləşdirilməsinin başqa izahı yoxdur.
Qeyd edək ki, ötən həftə “Euronews” Aİ-yə üzv ölkələrin səfirlərinin birliyə yeni qoşulacaq dövlətlər üçün 10 illik sınaq müddətinin tətbiqini dəstəklədiyini yazıb. Təklifə əsasən, zərurət yaranacağı təqdirdə bu müddət daha 5 il uzadıla bilər. Mexanizmin məqsədi yeni üzvlərin Aİ-nin fundamental prinsiplərini pozmasının qarşısını almaqdır. Qərarın ixtisaslı səs çoxluğu ilə qəbul edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Gürcüstan Aİ-yə namizəd ölkə statusuna malikdir. Lakin 2024-cü ilin iyunundan etibarən üzvlük prosesi faktiki olaraq dayandırılıb, danışıqların başlanması isə 2028-ci ilə qədər təxirə salınıb.
Samir


