Peyklər daim Yer kürəsinin görüntülərini çəkir, elm isə bu mövzuda hər cür sübut təqdim edir. Lakin "Düz Dünya" nəzəriyyəsinə inanan bir qrup insan hələ də inadla dünyanın düz olduğunu iddia etməyə davam edir.
HİT.az xəbər verir ki, antik Yunan dövründən bəri insanların Yer kürəsinin sferik formada olduğunu bildiyi məlumdur. Bu gün isə peyklər və müasir texnologiyalar bu həqiqəti daha da güclü şəkildə təsdiqləyir. Buna baxmayaraq, hələ də böyük bir uçan disk üzərində yaşadığımızı iddia edən və elmi sübutları rədd edən insanlar mövcuddur.
Böyük Britaniyanın Kent Universitetindən tədqiqatçılar bəzi insanların bu inanca niyə bu qədər bağlı olduqlarını araşdırmaq məqsədilə genişmiqyaslı bir iş aparıblar. 137 min nəfəri əhatə edən 279 fərqli araşdırmanın nəticələrini təhlil edən alimlər maraqlı bir nəticəyə gəliblər: düz dünya nəzəriyyəsinə inanan insanlar, digər insanlarla müqayisədə daha çox etimadsızlıq və narahatlıq hissi keçirirlər.
Tədqiqatın aparıcı müəllifi Dr. Mayki Biddlston bildirir: "Əgər insanlar psixoloji ehtiyaclarını başqa yollarla qarşılayırlarsa və ya bu ehtiyaclar ilk növbədə məhdudlaşdırılmayıbsa, komplo nəzəriyyələri onlar üçün daha az cəlbedici ola bilər".
Bu, fərdlərin sosial təhlükəsizlik, aidiyyət hissi və dəyər görmə kimi psixoloji ehtiyacları ilə sıx əlaqəlidir.
Komplo nəzəriyyələri adətən geniş qəbul edilmiş elmi faktlara qarşı çıxaraq, fantastik və çox vaxt məntiqsiz alternativ izahlar təqdim edir. Məsələn, düz dünya nəzəriyyəsinin tərəfdarları, sadəcə dünyanın üfüqi görünməsi kimi səthi arqumentlərlə iddialarını əsaslandırırlar. Lakin tədqiqatçılara görə, bu cür nəzəriyyələrə inanmağın kökündə insanların qeyri-müəyyənlik və etimadsızlıq hisslərini kompensasiya etmə cəhdi dayanır.
Araşdırmalar komplo nəzəriyyələrinin cəmiyyət və fərdlər üzərində mənfi təsirləri olduğunu göstərir. "Psychological Bulletin" jurnalında dərc olunan tədqiqatda bildirilir: "Komplo nəzəriyyələrinə inanmaq, fərdlər və cəmiyyətlər üçün zərərli nəticələr doğura bilər. Bu nəzəriyyələrin psixoloji cazibəsini başa düşmək və onların təsirini azaltmaq həyati əhəmiyyət daşıyır".
Araşdırmalar göstərir ki, insanlar bu cür nəzəriyyələrə inanmaqla sosial mövqelərini qorumağa çalışırlar. Bundan əlavə, varoluşsal narahatlıqlar və sosial təcrid hissi də bu inançları gücləndirən əsas amillərdəndir.
Elm adamları ümid edirlər ki, bu araşdırmalar gələcəkdə komplo nəzəriyyələri ilə mübarizə aparmaq üçün daha təsirli üsulların inkişaf etdirilməsinə kömək edə bilər. Elmin və ictimai şüurun artması, bu cür yanlış inancların yayılmasının qarşısını almaqda mühüm rol oynaya bilər.
Samir