Fransa və Almaniya Parisin təşəbbüsü ilə irəli sürülən nüvə çəkindirmə proqramı üzrə danışıqlara başlayıb.
HİT.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.
Məlumata görə, 27 mayda Parisdə danışıqların ilk raundu keçirilib. Görüşdə Almaniya kansleri Fridrix Mertsin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Günter Zautter də iştirak edib. Növbəti görüşün 4 iyulda Almaniya ərazisində keçirilməsi ehtimal olunur.
Nəşr yazır ki, Almaniya hərbçiləri artıq sentyabr ayında Fransa tərəfindən keçirilən nüvə təlimlərinə müşahidəçi qismində qoşula biləcəklər. Daha sonrakı mərhələdə Bundesverin nüvə silahı ilə birbaşa bağlı olmayan dəstək funksiyalarını yerinə yetirməsi də mümkün hesab olunur.
Mart ayında Fransa prezidenti Emmanuel Makron ölkəsinin “inkişaf etmiş nüvə çəkindirməsi” dövrünə daxil olduğunu bəyan etmişdi. O, nüvə başlıqlarının sayının artırılacağını və Avropa ölkələri ilə birgə nüvə çəkindirmə təlimlərinin keçiriləcəyini bildirmişdi.
Təşəbbüsə artıq Böyük Britaniya, Almaniya, Polşa, Niderland, Belçika, Yunanıstan, İsveç, Danimarka və Norveç kimi ölkələrin də qoşulduğu qeyd olunur.
Samir


