Məktəbli anaların sayı artmağa DAVAM EDİR

SOSİAL
11:01 / 25.05.2026
110

Azyaşlı anaların sayının artması cəmiyyətdə hələ də erkən nikah probleminin tam həll olunmadığını göstərir. 

Bu vəziyyət təkcə sosial məsələ deyil, həm də ciddi psixoloji və sağlamlıq problemlərinə yol açır. Açıqlanan statistik rəqəmlərə əsasən, son 1 ildə ölkədə 18 yaşadək analar tərəfindən 877 uşaq doğulub. Bu isə o deməkdir ki, ölkədə erkən nikah hələ də davam edir. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında deyib ki, azyaşlı anaların sayının artması cəmiyyət üçün təhlükəli haldır: 

400374

“Qızların erkən yaşda ana olması çoxlu sayda qızın gələcəyinin məhv olması deməkdir. Bu gün məsələ qanunla tənzimlənir. Yəni övladını erkən nikaha məcbur edənlər qanunvericiliyin tələbinə uyğun olaraq cəzalandırılır. Buna baxmayaraq, yenə də erkən nikahlar qeydə alınır, uşaq yaşda ana olanların sayı artır”.

F.Hacıbəylinin fikrincə, bir çox hallarda rayon və kənd yerlərində qızların erkən yaşda ailə qurması ənənə kimi qəbul olunur: 

“Ailələr bunu gələcəyin təminatı hesab etsələr də, nəticədə yeniyetmə qızlar uşaqlıq və təhsil dövrünü yarımçıq qoymalı olurlar. Erkən yaşda qurulan ailələr isə psixoloji gərginlik, sosial təcrid və maddi çətinliklər kimi problemləri artırır”.

Həmsöhbətimiz hesab edir ki, problemin aradan qaldırılması üçün yalnız cərimə və hüquqi nəzarət kifayət etmir: 

“Əsas məqsəd cəmiyyətdə qızların təhsilinə və şəxsi inkişafına verilən önəmi artırmaqdır. Ailələrin maarifləndirilməsi, sosial dəstək proqramlarının genişləndirilməsi və gənc qızların təhsildə qalmasına şərait yaradılması erkən evliliklərin azalmasına təsir göstərə bilər”.

Günel Cəlilova

0