“OpenAI” şirkəti bildirib ki, onun daxili süni intellekt modellərindən biri 1946-cı ildə macar riyaziyyatçısı Pol Erdeş tərəfindən irəli sürülmüş məşhur fərziyyəyə əks nümunə tapıb. Nəticə artıq süni intellekt tərəfindən əldə edilmiş ilk ciddi riyazi kəşflərdən biri kimi qiymətləndirilir.
HİT.az xəbər verir ki, bu barədə “The Conversation” portalı məlumat yayıb.
Söhbət müstəvi üzərində vahid məsafələr problemi (planar unit distance problem) və ya Erdeşin 90-cı problemi adlanan məsələdən gedir. Problemin mahiyyəti belədir: müstəvi üzərində müəyyən sayda nöqtə yerləşdirildikdə, hansı maksimum nöqtə cütləri bir-birindən dəqiq bir vahid məsafədə ola bilər?
Onilliklər ərzində riyaziyyatçılar ən yaxşı həllərin kvadrat toruna bənzər strukturlar olduğunu düşünürdülər. Pol Erdeş hesab edirdi ki, çox böyük sayda nöqtə olsa belə, bu cür konfiqurasiyanı əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkün deyil. Lakin “OpenAI”nin süni intellekt modeli daha effektiv quruluşların mövcud olduğunu göstərib.
Sübut üçün model ədədlərin cəbr nəzəriyyəsi metodlarından istifadə edib və kvadrat şəbəkədən daha çox vahid məsafəli nöqtə cütləri yaradan yerləşdirmə sxemləri qurub.
Kanadalı riyaziyyatçı Daniel Litt bu nəticəni “süni intellekt tərəfindən müstəqil şəkildə əldə edilmiş və öz-özlüyündə maraqlı olan ilk riyazi nəticə” kimi qiymətləndirib. Tədqiqatçıların diqqətini xüsusilə cəlb edən məqam ondan ibarətdir ki, problemi həll edən sistem xüsusi riyazi proqram deyil, ümumi təyinatlı dil modeli olub.
Məlumatın dərcindən sonra amerikalı riyaziyyatçı Uill Savin oxşar yanaşmadan istifadə edərək əldə edilən nəticəni daha da təkmilləşdirə bilib. Eyni zamanda “Google DeepMind” tədqiqatçıları İİ modellərinin köməyi ilə Erdeşin digər doqquz açıq problemini də həll etdiklərini bildiriblər.
Filds mükafatı laureatı Timoti Gauerz qeyd edib ki, əgər bu məqaləni insan göndərmiş olsaydı, onu “Annals of Mathematics” kimi nüfuzlu jurnalın nəşri üçün tərəddüdsüz tövsiyə edərdi.
Bununla belə, alimlər vurğulayırlar ki, süni intellekt hələ də ənənəvi mənada “ilham” və ya “kəşf anı” yaratmaq qabiliyyətinə malik olmaya bilər. Mütəxəssislərin fikrincə, model daha çox mövcud ideyaları effektiv şəkildə birləşdirib və çoxsaylı variantları məhdudiyyətsiz yoxlamaq imkanından istifadə edib.
Samir


