EKONOMİKS
17:02 / 07.06.2022
542

Əmlak bazarında son vəziyyət - Hansı evlərə tələb artıb?

Yay mövsümünün gəlməsi və havaların isinməsi ilə şəhərətrafı bağ evlərinə tələbin artması əmlak bazarındakı qiymətləri yenidən gündəmə gətirib.

“APA-Economics” əmlak bazarındakı cari vəziyyəti araşdırıb. Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bu ilin əvəlindən başlayaraq alqı-satqı hallarının artması həm satışda olan, həm də kirayə verilən mənzillərin qiymətində kəskin artıma səbəb olub: “Yay mövsümü ilə əlaqədar fərdi yaşayış və bağ evlərinə tələbat aktuallaşıb. Əmlak bazarında qiymətlər yanvar-fevral aylarında yüksək olsa da, may ayında sabitliyini saxlaya bilib. Əmin ola bilərik ki, bu il qiymətlərin hədsiz yüksəlişinin şahidi olmayacağıq. Bu artım yay mövsümü ilə əlaqədar müşahidə edilsə də qalıcı xarakter daşımır”.

Qiymətlərin son 20 ildə ən yüksək həddə çataraq bütün rayonlar üçün 6.9% təşkil etdiyini deyən Vüqar Oruc, ümumi rayonlar içərisində liderliyi saxlayan Nərimanov və Xətai rayonlarında kiçik sahəli mənzillərin qiymətinin 15% (kv metri 1300 manata olan mənzillər 1500 manata təklif edilir) yüksəldiyini bildirib: "Növbəti aylarda vətəndaşların işğaldan azad olunan ərazilərə qayıtması ilə əmlak bazarında tələbin aşağı düşməsi gözlənilir. Ancaq ölkəmizin iqtisadi inkişafı, xarici şirkətlərin investisiya qoyuluşları bu məsələni kompensasiya edir".

Əmlak eksperti Elnur Fərzəliyev isə mövzu ilə bağlı deyib ki, mövsümi olaraq yay aylarında bina evlərinə tələb azalsa da həyət və bağ evlərinə tələb artıb: “May ayına qədər bu sıradan olan evlərdə qiymətlər ucuz olsa da isti aylarda artım özünü göstərir. Hazırda nağd alınan bina evlərinin sayında kəskin azalma müşahidə olunur, çünki insanlar kreditlə satılan mənzillərə daha çox üstünlük verirlər. Bu mənzillər (qiymətlər nisbətən ucuz olduğu üçün) isə əsasən şəhərdən kənar - yəni Abşeron və Xırdalan ərazilərində yerləşir".

Satışa çıxarılan mənzillərin qiymətinin ilbəil artmaqda davam etdiyini deyən ekspert əlavə edib ki, buna səbəb yüksək qiymətə torpaq sahəsi alan inşaat şirkətlərinin mənzillərinin qiymətini yüksəltməsidir: "Hazırda mərkəzdə yerləşən torpaq sahələrinin qiyməti 1 sot üçün 50-100 min manat təşkil edir. Köhnə tikililərə diqqət etdikdə isə onların qiymətində də əsaslı artım olduğunu görürük. Məsələn, İnşaatçılar metrosu ətrafında “Xuruşovka” adlanan binalarda 2 otaqlı sahəsi 45 kv. metr olan mənzillərin qiyməti təxminən 85-90 min manatdır. Yəni-hər kv. metri 2 min manata satılır".

Elnur Fərzəliyev həmçinin, kirayə mənzil bazarından da danışıb. Qeyd edib ki, əsasən 3 növ mənzil təklif olunur və yeni binalardakı mənzillər həddindən artıq baha təklif edilir: "Belə ki bir otaqlı kirayə mənzillər 500 manat, iki otaqlı 600 manat, üç otaqlı isə 800 manatdan başlayan qiymətlərlə təklif edilir. Bu qiymətlər 1500 manata qədər yüksələ bilər. Metrolara yaxın köhnə tikili binalarda mənzillərin kirayə qiyməti bir otaqlı mənzillərdə 300 manat, iki otaqlı 350-400 manat, üç otaqlı isə 450-500 manat və daha baha təklif edilir. Fərdi həyət evlərinin qiyməti isə Bakı ətrafında (Abşeron, Xırdalan, Masazır ) və ya Bakının bəzi (Yasamal. Papanin, Alatava,) ərazilərində bir otaqlı mənzillərdə 100-150 manat arasında dəyişir. İnsanlar isə əsasən ucuz həyət evlərinə üstünlük verirlər. Təbii ki, bu qiymətlər orta əməkhaqqı dəyərində məvacib alan ailələr üçün yüksək hesab edilir" - deyə, ekspert əlavə edib.

0