İsmayıllı rayonunun Tircan kəndi ərazisində yerləşən “Zəngəzur Harmony” oteli yenidən hərrac vasitəsilə satışa çıxarılıb.
Otel ilk dəfə ötən ilin aprel ayında icra məmurlarının sifarişi əsasında hərraca çıxarılıb.
Qeyd edək ki, otelin tərkibində olan 5 müxtəlif tikili ayrı-ayrılıqda satışa çıxarılıb. Əvvəlki hərracda obyektlərin minimum satış qiyməti ilkin bazar qiymətinin 85%-i səviyyəsində olduğu halda bu dəfə 65%-i səviyyəsinə endirilib. Bu isə o deməldir ki, ilkin bazar qiyməti 9,2 milyon manat olan 5 müxtəlif tikilinin minimum satış qiyməti 7,8 milyon manatdan 5,9 milyon manata düşüb.
Məlumat üçün bildirək ki, satışa çıxarılan obyektlərin ən böyüyü 1 764,8 kvadrat metr sahəsi olan 5 mərtəbəli və 45 otaqdan ibarətdir. Bu obyektin minimum satış qiyməti 2 milyon 177 min 500 manat təşkil edir.
Bundan başqa, 1 590,5 kvadrat metr sahəsi olan 3 mərtəbəli, 31 otaqlı obyekt 1 milyon 820 min, 631,2 kvadrat metr sahəsi olan 3 mərtəbəli, 8 otaqlı obyekt 793 min, 255,4 kvadrat metr sahəsi olan 2 mərtəbəli, 6 otaqlı obyekt 565 min 500, 719 kvadrat metr sahəsi olan 2 mərtəbəli, 9 otaqlı obyekt isə 591 min 500 manata satışa çıxarılıb.
5 iyun 2026-cı il tarixində baş tutacaq hərracda iştirak etmək istəyənlər hər obyekt üçün təxminən 28-30 min manat beh ödəməlidirlər.
Onu da bildirək ki, bu obyektlərin satışı ilə bağlı sonuncu hərrac 15 yanvar 2026-cı il tarixində keçirilib və hərracda heç kim iştirak etmədiyi üçün baş tutmayıb.//Yeniavaz.com


