İsrail və İran arasında əldə olunan atəşkəsdən sonra ABŞ-İran xəttində yenidən gərginlik artmağa başlayıb.
Regionda yaranan bu siyasi qeyri-müəyyənlik beynəlxalq enerji bazarlarına da təsir göstərib və nəticədə neft qiymətlərində cüzi enmə müşahidə olunub. Belə ki, “Brent” markalı neft 0.07 faiz, xam neft isə 0.14 faiz ucuzlaşaraq təxminən 89 dollar səviyyəsinə düşüb.
Yaxın Şərqdə davam edən bu sabit olmayan vəziyyət fonunda neftin 89 dollar ətrafında qalması Azərbaycanın ixrac gəlirləri və valyuta daxilolmalarının dinamikası baxımından əhəmiyyət daşıyır. Bu tendensiyanın davam etməsi manatın məzənnə sabitliyinə yaxın dövrdə hansı təsirləri göstərə biləcəyi isə iqtisadi müzakirələrin əsas mövzularından biri olaraq qalır.
Neft məsələləri üzrə ekspert İlham Şaban Hit.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə geosiyasi vəziyyətin yenidən gərginləşməsi və ABŞ-İran xəttində qarşıdurma ehtimalının qalması fonunda neft bazarında gözlənilən artım baş verməyib:

“Əksinə, “Brent” markalı xam neft 100 dollar həddinə yaxınlaşmaq əvəzinə 91-92 dollar intervalında daha aşağı səviyyədə sabitləşib. Son dövrlərdə qiymətlərin enməsinə təsir edən əsas amillərdən biri kimi Hörmüz boğazından tanker daşımalarının fasiləsiz davam etməsi barədə ABŞ rəsmilərinin açıqlamaları göstərilir. Çünki bazar iştirakçıları üçün həlledici məqam münaqişələrin xarakteri deyil, dünya üzrə gündəlik milyonlarla barel neftin problemsiz şəkildə daşınıb-daşınmamasıdır. Nəqliyyat zəncirində ciddi fasilə olmadığı üçün qiymətlərdə təzyiq də zəifləyir”.
Ekspert onu da əlavə edib ki, Azərbaycanın neft gəlirləri ilə bağlı məsələdə büdcə və valyuta daxilolmalarında real dəyişikliklərin dəqiq qiymətləndirilməsi yalnız rəsmi statistik göstəricilər əsasında mümkündür və xarici müşahidələrlə tam dəqiq nəticə çıxarmaq çətindir.
Günel Cəlilova


