Köhnə binalarda mənzillər UCUZLAŞACAQ

İQTİSADİYYAT
16:10 / 12.06.2026
52

İnvestisiya və mənzil təminatı baxımından həmişə əhəmiyyətli olan daşınmaz əmlak sektorunda baş verən dəyişikliklər diqqət mərkəzindən düşmür. Son zamanlar yeni tikililərə maraq artsa da kohnə binalara üstünlük verənlər də az deyil. Amma rieltorlar bəzi köhnə mənzillərin “Qara zolağ”a düşəcəyini istisna etmir.

Əmlak məsələləri üzrə ekspert Mikayıl Qasımlı Bizim.Media-ya ucuzlaşma ehtimalı olan “ikinci əl” mənzillərdən danışdı.

O qeyd etdi ki, əvvəllər alıcılar köhnə məzillərdəki çatışmazlıqlara göz yumardılar. Amma indi daha yaxşı və bol seçimlərin olması səbəbindən artıq o cür evlərdən yan keçirlər:

“Xüsusilə “Xruşşovka” dediyimiz binalardakı mənzillər, daha dəqiq desək, onların 5-ci mərtəbələri ucuz təklif olunur və daha da qiymət düşməsi gözlənilir. İndi liftsiz binalar, əsasən də yaşlısı, körpəsi olanlar bu mərtəbələrdən qaçırlar. Hətta gənclər üçün də ərzaq və yük çantalarını daşımaq ağır gəlir. Birinci mərtəbə isə köhnə binalarda rütubətli, zirzəmi qoxulu və balkonsuz olduğu üçün aşağı qiymətə təklif olunur”.

Ekspert diqqətə çatdırır ki, bloku, dam örtüyü, balkonu və fasadı təmir olunmamış binalara da maraq azdır. Yenidən qurulmuş, yəni balkon artırılıb, icazəsiz planlama edilib (sanitar qovşağı əlavə olunub), gələcəkdə leqallaşdırma problemi yarana, yaxud sökülə bilər deyə alınmır.
 
“Təzəlikcə isə dar məhəllələr də gözdən düşməyə başlayıb. İndi hamı geniş həyəti, yay-qış maşını park edə, rahat çıxa biləcəyi yerlər istəyir. Həmçinin evin içi zəif təmirli, köhnə kommunikasiya xətləri qaldığı üçün alıcılar üz döndərirlər. İç-içə otaqlar, dar mətbəxlər və dəhlizlər, telefon kabinələri ölçüsündə vanna otaqları, yəni müasir rahatlıq anlayışlarına zidd olan hər şey köhnə binalarda var.

İndiki insanlar “köç və yaşa” prinsipi ilə hərəkət edirlər, genişlik istəyirlər. Banklar da bunu görür və belə evlərə ipoteka kreditləri verməkdən imtina edirlər. Həmçinin qeydiyyatda bir neçə nəfərin olma ehtimalı və girov məsələsi də var. Bəzən bu adamları qeydiyyatdan çıxarmaq məhkəmə işi və aylar tələb edir. Banklar belə qeyri-müəyyənliyi sevmir”.
 

0