“Gözyaşı tökdü ki, o qədər pulu oğluma niyə vermisən?”

ÖLKƏ
12:15 / 30.10.2026
71

İki il Mingəçevirin, 12 il Zərdabın icra başçısı işləmiş Lütvəli Babayev oğlunun işinə görə bir ildir məhkəmə yollarında qalıb.

“Qafqazinfo”nun məlumatına görə, məsələ onun oğlunun zərərçəkmiş olduğu işlə bağlıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsində 1 ildən çoxdur davam edən bu iş üzrə gərginlik daha da artıb. İttiham tərəfinin bütün şahidləri dindirildiyi üçün bu dəfə Aruz Əliyev ifadə verməyə başlayıb.

Aruz zərərçəkmiş Babəli Babayevin ən yaxın dostu, eyni zamanda ailəsinin həkimi olub. Amma bu dostluq indi az qala, düşmənliyə çevrilib. Həbsinə qədər “Uniklinika”nın baş həkimi olan Aruz Əliyev 3 ilə yaxındır, dostu Ehtiram Kərimovla birgə həbsdədir.

Bu günə kimi dostu Ehtirama daha çox “meydan” verən Aruz bu dəfə susmayıb. O, zalda əyləşən Lütvəli Babayevin qarşısında oğlunun hərəkətləri ilə bağlı ağızdolusu danışıb.

Fotoda: Aruz Əliyev

Aruz deyir ki, bu hadisələrə kimi Babəli ilə qardaş kimi olublar, anasına ana, atasına ata deyib: “Elə günlər olub Babəli ac-susuz, bir qəpiksiz qalıb, mən ona kömək etmişəm. Onu həbs etmişdilər, tək qalmışdı. Heç kim ona yaxın durmurdu. Yeməyini mən alıb aparırdım. Bir dəfə hoteldən qovmuşdular, çöldə qalmışdı, onda da mən dadına çatdım. Niyə bu vəziyyətə düşmüşdü? Çünki borcları var idi. Bir qızla yaşayırdı, qız onu məhv eləmişdi. Dediyim kimi, heç kim ona yaxın durmurdu. Əmlaklarını satmaq səbəbi də bu idi”.

Aruz ifadəsinin davamında Babəlinin ona etibarnamə əsasında idarə etmək hüququ verdiyi əmlaklardan danışıb. Hansı ki, ittiham da elə həmin əmlakları satıb pulunun ələ keçirilməsindən ibarətdir.

Həkim müttəhimin sözlərinə görə, həmin əmlaklardan ona bir manat belə qalmayıb, o, ümumiyyətlə, Babəliyə qarşı dələduzluq etməyib: “Bu əmlakları satmaq Babəlinin öz təşəbbüsü olub. Hətta mənə deyənə kimi satışa qoyulmuşdu. Torpağın satışında aktiv iştirak etməmişəm, sadəcə Ehtiramı aparıb göstərmişəm. Torpağın satışından gələn pulu da borclu olduğu iranlıya verdi. Türkiyədə olduğu üçün “Montin”dəki obyekti satmağı da özü təklif etdi. Mən bildiyimə görə, Türkiyədə də başqa bir nəfərlə saxta pul işinə girişmək istəyirmiş. Əmlakın pulundan bir az Bakıda Saatlı binanın yanında Lütvəliyə verdim, qalanı da Babəlidə idi. Hətta Lütvəli gəlib klinikamın yanında gözyaşı tökdü ki, o qədər pulu Babəliyə niyə vermisən?”

Fotoda: Lütvəli Babayev

Aruz ifadəsində Babəli ilə birgə fındıq ticarətinə girdiklərini də deyib. Dediyinə görə, Qəbələdən Bakıya fındıq gətirmək üçün 220 min Babəli, 200 min manat isə o qoyub. Lakin alver uğurla başa çatmayıb, sonra da bu qarşıdurma başlayıb.

Vəkillərdən birinin “Babəlinin nəslində güvəndiyi bir adam yox idimi, əmlaklarını sizin adınıza keçirdi?” sualından sonra isə Aruz özünü cilovlaya bilməyib. O, yüksək səslə “Ona qalsa, nəslində adam yox idimi həbsdə olanda yanına yemək daşısın? Nəslində adam yox idimi yanına getsin?!” - kimi ritorik suallar verib.

Zalda oturan Lütvəli Babayev bu sözlərə dözməyib. Aruza “Nəsli söhbətə qarışdırma, sən öz nəslindən danış!” - deyə əsəbi cavab verib. Bununla da keçmiş icra başçısı ilə həkim arasında söz savaşı başlayıb, proses yarımçıq qalıb.

Fotoda: Ehtiram Kərimov və Aruz Əliyev

Məhkəməyə sədrlik edən hakim Mahirə Kərimovanın sərt iradından sonra ara sakitləşib. Prosesin təxirə salındığı elan edilib.

Xatırladaq ki, bundan əvvəlki prosesdə Lütvəli Babayevin həyat yoldaşı da şahid qismində ifadə verib. Oğlu Babəli isə artıq məhkəməyə gəlmir.

Aruz Əliyev və Ehtiram Kərimova gəlincə, onlara Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib. Heç biri bu ittihamı qəbul etməsə də, yekunda təqsirli bilinsələr, onlara 14 ilə kimi həbs cəzası verilə bilər.

 

0