Ukrayna 2026-cı ilin sonunadək beynəlxalq tərəfdaşlarından ümumilikdə təxminən 82 milyard dollar maliyyə və hərbi dəstək əldə edə bilər. Gələn il isə bu məbləğin 87 milyard dollara çatacağı proqnozlaşdırılır.
HİT.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının (NBU) hesabatında bildirilib.
Proqnoza əsasən, Kiyev bu il birbaşa büdcə dəstəyi çərçivəsində təxminən 50 milyard dollar, “Ukraine Support Loan” müdafiə proqramı vasitəsilə isə 32 milyard dollardan çox vəsait alacaq. 2027-ci ildə bu göstəricilərin müvafiq olaraq 52 milyard və 37 milyard dollar olacağı gözlənilir.
Milli Bank hesab edir ki, ayrılacaq vəsaitlər dövlətin büdcə ehtiyaclarının qarşılanmasına, eləcə də beynəlxalq ehtiyatların 2026–2027-ci illərdə 62 milyard dollardan yüksək səviyyədə saxlanmasına imkan verəcək.
Qurum qeyd edib ki, son aylarda xarici yardımın həcmi gözləniləndən aşağı olub. Buna əsas səbəb dəstək proqramları üzrə islahatların icrasında yaranan gecikmələrdir. Lakin oktyabrda Ukrayna Ali Radasının bir sıra qanunları qəbul etməsindən sonra Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondundan maliyyələşmənin qarşısındakı maneələr aradan qaldırılıb.
NBU gözləyir ki, Ukrayna üzərinə götürdüyü öhdəlikləri daha sürətlə yerinə yetirəcək. Bu isə büdcənin maliyyələşdirilməsi mənbələri ilə bağlı qeyri-müəyyənliyi azaldacaq.
Samir


