Azərbaycanda problemli kreditlərin həcmi artmaqda davam edir.
Mərkəzi Bankın məlumatına əsasən, oktyabrın 1-nə vaxtı ödənilməmiş kreditlərin ümumi məbləği 754,3 milyon manata çatıb. Üstəlik, bu göstərici bir ay ərzində 4,5 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 42,8 faiz yüksəlib. Həmçinin, vaxtı keçmiş borcların isə kredit portfelindəki payı sentyabrın sonunda 2,1 faiz olub. Halbuki ötən ilin sonunda bu göstərici 1,6 faiz təşkil edib.
Maraqlıdır, problemli kreditlərin bir il ərzində bu qədər artmasına hansı amillər təsir göstərir?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, problemli kreditlərin artmasının əsas səbəblərindən biri iqtisadi fəallığın zəif olmasıdır:
“Gəlirlər sabit qaldığı halda qiymətlərin yüksəlməsi həm əhalinin, həm də sahibkarların borclarını vaxtında ödəməsini çətinləşdirir. Kredit borcları ilə bağlı vəziyyətin daha da ağırlaşması mümkündür. Mərkəzi Bankın kreditləşmə qaydalarını sərtləşdirməsi də risklərin artmasının qarşısını almağa yönəlib”.
Ekspert hesab edir ki, bu addım maliyyə sektorunda problemli borclarla bağlı təhlükələrin nəzərə alındığını göstərir.
Sevinc


