Toy adətlərində israfçılıq davam edir...

SOSİAL
14:44 / 19.11.2026
66

Toy və nişan mərasimləri xalqımızın milli-mənəvi dəyərlərini, ailə ənənələrini yaşadan, insanların sevincini bölüşdüyü xüsusi günlərdir. 

Lakin son illər bəzi toy adətləri ilkin mahiyyətindən uzaqlaşaraq sanki maddi imkanların nümayişinə çevrilib. Xüsusilə xına mərasimlərində, gəlinin evdən çıxarılmasında və digər toy mərhələlərində ortaya çıxan yeni tələblər ailələr üçün əlavə xərc yaradır. Üstəlik, bu adətlərin hər il dəyişən dəbə uyğun icra olunması, əvvəlki ilin xonçasının artıq köhnə hesab edilməsi insanları istəmədikləri halda belə əlavə xərc çəkməyə vadar edir.

Məsələn, xına mərasimində gəlin üçün hazırlanan xonçaların sayı və görünüşü az qala bir dəb yarışına çevrilib. Bir il əvvəl hazırlanmış xonçanı aparmaq belə bəzən qınaqla qarşılanır. Gəlinin əlinə xına yaxılarkən mütləq böyük məbləğdə pul verilməsi, şirin çay içən şəxslərin stəkanın altına pul qoyması da bu qəbildən olan adətlərdəndir. Halbuki bir xoş söz, səmimi təbrik və xeyir-dua da həmin anı gözəlləşdirmək üçün kifayət edə bilər. 

Digər tərəfdən, bəy gəlinin evinə daxil olarkən qılıncla yolunun kəsilməsi və keçmək üçün qılıncın üzərinə iri əskinasların düzülməsi kimi adətlər də getdikcə daha çox xərc tələb edən mərasimlərə çevrilir. Gəlinin belinə lent bağlanarkən pul verilməsi, evdən çıxış zamanı və hətta avtomobilin qarşısı kəsiləndə pul tələb olunması da bu siyahıya daxildir.

Əslində, burada düşünməli olduğumuz əsas məsələ pulun miqdarı deyil, adətlərin hansı məqsədə xidmət etməsidir. Bir ailənin övladının toyunu keçirmək üçün illərlə topladığı vəsaitin bir hissəsini sırf başqalarının qınağından çəkinərək mənasız xərclərə sərf etməsi nə dərəcədə doğrudur? Niyə insanlar xoşbəxt günlərində rahat olmaq əvəzinə, kimin nə qədər pul verəcəyini, hansı xonçanın aparılacağını, hansı mərasimin necə təşkil ediləcəyini düşünməlidir? 

Milli adət-ənənələri qorumaq vacibdir, amma onları maddi rəqabətə çevirmək ənənənin ruhuna uyğun deyil. Bəlkə də artıq bəzi toy adətlərinə yenidən nəzər salmağın, gözəl ənənələri saxlamaqla yanaşı, ailələri lazımsız xərclərdən xilas etməyin vaxtıdır. Axı toyun gözəlliyi xonçaların bahalığında, verilən pulların sayında deyil, iki insanın yeni həyata başlamasında və bu sevincin səmimiyyətlə paylaşılmasındadır.

Sevinc

0