Azərbaycanın da daxil olduğu böyük bir oyun başlayıb - Ukraynalı politoloqdan şərh

ÖLKƏ
16:54 / 16.06.2021
2302

Ukraynanın tanınmış politoloqu Aleksey Arestoviç Şuşa Bəyannaməsini şərh edib. 

HİT.Az xəbər verir ki, politoloq bəyannaməni “möhtəşəm hadisə” adlandırıb. 

“Dünən Azərbaycanda miqyası və ən əsası gələcək nəticələri ilə bağlı möhtəşəm hadisə baş verdi”, - deyə o bildirib.

Arestoviç Türkiyənin yaxın vaxtlarda Şuşada konsulluq açmaq istəyinə diqqət çəkərək deyib ki, bu addım simvolik məna daşıyır. “Türkiyə əslində bir zərbə ilə 19-cu əsrdən Rusiya İmperiyasının təkbaşına nəzarətində olan Cənubi Qafqazın qapılarını açdı. Yüksək səviyyəli oyunlar həmişə yaxşı nəticələr verir”, - politoloq əlavə edib.

Onun sözlərinə görə, 44 günlük müharibə Rusiya sülhməramlılarının Qarabağa daxil olması ilə başa çatanda Azərbaycanda kollektiv şüurunun yaşadığı müəyyən bir ümidsizlik var idi: “Hələ o zaman qeyd etmişdim ki, rus sülhməramlılarının gəlməsi Qarabağ müharibəsinin sona çatmadığını göstərir. Üstəlik, bizi əsas sürprizlərin qarşıda gözlədiyini vurğulamışdım”.

Politoloq bildirib ki, həmin vaxtdan etibarən Türkiyə və Azərbaycan Rusiyanın “buz meydançasında” “Şərq xalısı” toxumaqla məşğuldur: “Bu isə Rusiyanın çıxa bilmədiyi intriqalar və asılılıqlar sistemini qarışdırmağa hesablanıb. Budur, yarım il sonra Şuşada bəyannamə imzalanır. Bununla da iki ölkə arasında uzun və möhkəm qarşılıqlı yaxınlaşma proqramı sistemli bir sıçrayış etdi.

İndi Azərbaycan-Türkiyə ittifaqının siyasi və hərbi potensialı keyfiyyətcə artmağa başlayıb. Artıq Qafqazda yeni bir gerçəklik ortaya çıxır. Həmin gerçəkliyin ən başlıcası isə bəyannamədə qeyd olunan üçüncü dövlətin hücumu zamanı hər iki ölkənin birgə mübarizə aparacağı barədə razılaşmadır”.

Arestoviç qeyd edib ki, Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılması məsələsi gündəmdən çıxarılmasa da, təxirə salına bilər. “Necə deyərlər, oyunun gözəlliyinə baxın. Ancaq bu da hamısı deyil”, - deyə politoloq vurğulayıb.

Ukraynalı politoloq hesab edir ki, yaxın gələcəkdə, Şimali Afrika, Aralıq dənizi, Yaxın Şərq və Cənubi Qafqazdakı Fransız maraqlarının ənənəvi bölgələri NATO çərçivəsində Türkiyənin nəzarəti altına alına bilər: “Üstəlik, Türkiyə hərbi-siyasi təsirini Əfqanıstan və Qırğızıstanda – Çinin “təhlükəsizlik kəməri” zonasında yayır”.

Arestoviçin fikrincə, Türkiyənin NATO-dakı üstün rolu üçün böyük lobbiçiliyi İngiltərə edir. Politoloq vurğulayır ki, son NATO zirvəsi Brexitdən sonra ortaya çıxan yeni geopolitik konfiqurasiyanı nümayiş etdirib: “Müvəqqəti London-Ankara tandemi Məğrib (Liviya), Aralıq dənizi, Yaxın Şərq, Cənub-Şərqi Avropa, Orta Asiya və Cənubi Qafqazın geopolitik xəritəsini dəyişdirməyə çalışacaq. Bax budur möhkəm mövqe, üstəgəl sistematik səylər.

Beləliklə, bu gün dünyada əsas oyunçularından biri, son illərin parlayan ulduzu Türkiyə və indi onunla yanaşı. Azərbaycanın (maraqları və imkanları çərçivəsində) da daxil olduğu yeni bir böyük oyun başlayıb”.

Politoloq “Türkiyə buna necə nail oldu?” sualını belə cavablandırıb: “Türk rəhbərliyi və xalqı neoliberal siyasi iqtisad yanaşmaları dərsliklərin səhifələrindən oxuyaraq deyil, ölkələrini real dəyərlərinə və maraqlarına uyğun inkişaf etdirəcək qədər ağıllı idilər”.

VÜQAR

0