Peru hakimiyyəti dünyanın məşhur turizm məkanlarından biri olan Machu Picchu qədim şəhərinə biletlərin satış qaydalarını dəyişib. Yeni sistemə əsasən, turistlər rəsmi internet platformasında bilet alarkən ödənişi 15 dəqiqə ərzində tamamlamalıdırlar. Əks halda, rezervasiya ləğv edilir və bilet yenidən satışa çıxarılır.
HİT.az xəbər verir ki, bu barədə “Euronews” nəşri məlumat yayıb.
Perunun Mədəniyyət Nazirliyi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilən tarixi abidəyə biletlərin əvvəlcədən bronlaşdırılması sistemini ləğv edib. Yeni qayda hazırda sınaq rejimində tətbiq olunur. Sınağın nəticələrindən asılı olaraq, bilet almaq üçün müəyyən edilən 15 dəqiqəlik müddət artırıla və ya azaldıla bilər.
Biletlər şəxsin adına rəsmiləşdirildiyindən turistlərin şəxsiyyət sənədindəki məlumatlar biletdə göstərilən məlumatlarla tam uyğun olmalıdır. Nazirlik bu dəyişikliyin satış platformasında mövcud biletlərin sayı ilə faktiki satış imkanları arasındakı uyğunsuzluğu aradan qaldırmaq məqsədi daşıdığını bildirib.
Yeni qaydalara baxmayaraq, tarixi əraziyə gündəlik ziyarətçi limitləri dəyişməyib. Yüksək turizm mövsümündə Machu Picchuya gündə maksimum 5600, aşağı mövsümdə isə 4500 nəfərin daxil olmasına icazə verilir. İnka cığırı (Inca Trail) marşrutu üzrə gündəlik limit 750 nəfərdir.
Bundan əlavə, hər gün Machu Picchu Pueblo kəndindəki DDC-Cusco kassasında 1000 bilet satışa çıxarılır. Bu biletlər alındıqdan sonrakı gün istifadə edilə bilər.
Machu Picchuya səfər etmək istəyən Avropa turistləri əvvəlcə Perunun paytaxtı Limaya, oradan isə daxili reyslə Kusko şəhərinə uça bilərlər. Kuskodan Aguas-Kalyentes kəndinə qatar və ya avtobusla getmək, daha sonra isə piyada cığır və ya avtobus vasitəsilə qədim şəhərə çatmaq mümkündür.
Alimlər və tarixçilər üçün də böyük əhəmiyyət daşıyan Machu Picchu dünyanın ən məşhur tarixi məkanlarından və “Dünyanın yeni yeddi möcüzəsi”ndən biri hesab olunur. Yeni bilet qaydaları isə turistlərdən səfərlərini əvvəlcədən planlaşdırmağı və ödəniş zamanı müəyyən edilmiş müddətə diqqət yetirməyi tələb edir.
Samir


