ÖLKƏ
14:13 / 15.07.2022
660

"Azərbaycanda fəxr etmək"

Orxan Saffari

Azərbaycanlıların fəxr etdiyi müəyyən məsələlər var ki, hansı ki, onların mənasızlığına nəinki Azərbaycanda, heç dünyada nəsə çata bilməz. Hələki, Biləcəridən, Kürdəmir tərəflərdən o yana bir addım da atmamışam, amma atan kimi maraqlanacam, öyrənəcəm görüm, hansısa bir ingilis, küçəsinin qanqsterləri ilə fəxr edirmi? Deyirmi, filan küçədə, filan ştatda "vəziyyətə" baxan bir ara uşağı var? Varsa, bütün ara uşaqlarından elə indidən üzr istəyirəm.

Məsələn, bir azərbaycanlı yaşadığı zonanın kriminal olması ilə ömrünün sonuna qədər fəxr edə bilir. Burda kifayət eləmir, gedir, küçəsindəki oğru Mamedi xaricdə də tanıdır, orda da fəxrlə danışır. Bəzən elə anlar olur ki, tutalım yaşadığı zonadan əvvəl qızla keçmək olmurdu, indi olur, bu da keçmiş zamanla fəxr edir ki, əvvəl tutub doğrayardıq, indi belə deyil zad. Gör, bunun burnunun ucu nələrdən ötrü göynəyir. 

Hamıya məlum ki, indi Mamedlərimiz xüsusi ilə Moskvada at oynadır. Nə yalan deyim, bu, bir az xoşuma da gəlir, boş vaxt tapan kimi də fəxr edirəm. Sanki bu məsələlər xaricdə olanda daha yaxşı görsənir.

Məsələn, sizə deyim ki, bir vaxtlar mənim yaşadığım zonada belə idi. Bayıl-Dvatsatı zonası. Dvatsatıya 20-ci sahə də deyirlər. İndi nisbətən yaxşıdır. Burda da köhnə Bayıl-Dvatsatı ilə fəxr edənlər var. Adam tanıyıram, bədəninə Zona20, yəni, 20-ci sahəni yazdırıb tatu ilə. Yəni, mən bura uşağıyam, brat. Bununla da fəxr edirəm. 

( Hazırda Ukranya, Moskvada bu ərazilərdən at oynadan uşaqlar çoxluq təşkil edir)

Ümumiyyətlə, doğulduğu bölgə ilə fəxr etmək, ən yaxşı mənim zonamdır, ən yaxşı adamlar bizim bölgənin adamlarıdır, ən yaxşı şeylər burda olur və sairə kimi sözlər demək, bunların həqiqətən belə olduğunu düşünmək, sadəcə və sadəcə natamamlıqdan başqa bir şey deyil. İnsan yarım qalanda, mənəvi yoxsulluq çəkəndə belə hallar baş verə bilir. 

Təbii, kimliyi, milliyəti, doğulduğu, böyüdüyü yerlər ilə fəxr də edə bilər insan, belə bir haqqı var, amma bunu ifrat dərəcədə etmək ürək bulandırmaqdır, mahiyyəti düzgün olmamağı yaxşı hal deyil. 

Salyandan bir gənc dünyanın ən nüfuzlu universitetinə təqaüdlə qəbul olsa da, həmin kənddən olan tanışım onunla yox, kriminal adamları ilə fəxr edirdi. Məsələ budur, mahiyyət fərqi var. Onunla bir xeyli söhbət elədim, dedim, bax, həmin gənc gedib xaricdə daha çox tanınacaq, lap belə kəndinin də adı çəkiləcək, ola bilsin, çox güman sabah kənd əhalisi üçün də bir xeyri dəyəcək, səncə, fəxr etmək lazım deyil? Dedi, düz deyirsən, brat, mən nə deyirəm ki? Amma Əliş də Moskva bazarında bizimkiləri incidənləri incidir, kəndin də adı necə lazımdı tanınır.

Yaxşı olardı ki, belə hallar xüsusi bir şeylər olduqda xatırlansın. Məsələn, insanlığa, özünə, vətənə, millətə faydalı olduğu halda. Əks halda bu mənzərə, təxminən, uşağlığımızın "bizim məhlə məhlədir, qalan məhlə fəhlədir", yaxud da, "11-B sinifi yek" mahiyyətində bir şeydir. 

Amma bütün hallarda, yaxşısı və pisi ilə mən özüm azərbaycanlılarla fəxr edirəm.

0