Misli Premyer Liqasında 32-ci tur davam edir.
QOL.az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçirilib. Həm “Qarabağ”ın, həm də “Turan Tovuz”un gümüş medal qazanmaq şansı qaldığı üçün bu komandaların oyunları eyni vaxtda start götürüb.
“Qarabağ” öz meydanında “İmişli”ni qəbul edib. Matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Hazırda Ağdam klubu 66 xalla 2-ci, İmişli təmsilçisi isə 33 xalla 9-cu pillədə qərarlaşıb. Qurban Qurbanovun komandası “İmişli”yə qalib gələrək sona 1 tur qalmış ikinci yeri rəsmiləşdirib, həmçinin avtomatik Avropa Liqasına vəsiqəni təmin edib.
“Turan Tovuz” isə səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. Matç Şamaxı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra üçüncülüyü rəsmiləşdirən "Turan Tovuz" növbəti mövsümdə ölkəmizi Konfrans Liqasında təmsil etmək hüququ qazanıb. Qərb təmsilçisi mübarizəyə birbaşa 2-ci təsnifat mərhələsindən başlayacaq.
Konfrans Liqasına vəsiqə qazanacaq digər klub isə "Neftçi" və "Zirə" komandalarından biri olacaq. Çempionatı 4-cü pillədə başa vuracaq komanda mübarizəyə Konfrans Liqasının 1-ci təsnifat mərhələsindən start verəcək.


