Son illər cəmiyyətdə ən çox müzakirə olunan sosial mövzulardan biri də bəzi oğlanların davranış və xarakter xüsusiyyətlərində müşahidə olunan dəyişikliklərdir.
Bir çoxları hesab edir ki, əvvəlki dövrlərlə müqayisədə bəzi gənc oğlanlarda kişi xarakterinə xas hesab edilən sərtlik, qətiyyət, məsuliyyət hissi və özgüvən əvvəlki qədər nəzərə çarpmır. Əvəzində isə daha incə davranışlar, emosional danışıq tərzi, hərəkətlərdə həddindən artıq zəriflik və qızlara bənzər mimikaların artdığı müşahidə olunur. Bu vəziyyət xüsusilə sosial şəbəkələrin geniş yayılması fonunda daha çox diqqət çəkir və cəmiyyət daxilində müxtəlif narahatlıqlara səbəb olur.
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, son illərdə virtual platformalarda yayılan məzmunların gənclərin psixologiyasına ciddi təsir göstərdiyi artıq danılmaz faktdır:

“Xüsusilə sosial şəbəkələrdə, əsasən də “TikTok” kimi platformalarda məşhurlaşmağa çalışan bəzi şəxslər diqqət çəkmək üçün fərqli və qeyri-adi davranışlar nümayiş etdirirlər. Onların bir qismi qız kimi danışaraq, davranışlarında həddindən artıq incəlik, naz-qəmzə və süni emosional hərəkətlər sərgiləyərək qısa müddətdə geniş auditoriya toplaya bilirlər. Maraqlıdır ki, bu tip paylaşımlar daha çox izlənmə və müzakirə qazandığı üçün həmin şəxslər sürətlə tanınmağa başlayırlar. Üstəlik, bu insanların izləyici kütləsi heç də az deyil. Onların nümayiş etdirdiyi həyat tərzi, danışıq forması və davranışları xüsusilə yeniyetmə və gənclərin diqqətini cəlb edir”.
Ekspert qeyd edib ki, psixoloji baxımdan gənclər sosial mediada populyar olan şəxsləri nümunə kimi qəbul etməyə daha meyilli olduqları üçün zamanla onlara bənzəməyə çalışanların sayı da artır:
“Problem ondadır ki, sosial şəbəkələrdə populyarlıq çox vaxt faydalı bilik, istedad və ya nümunəvi davranış üzərindən deyil, daha çox diqqət çəkmək prinsipi üzərindən formalaşır. Bu isə bəzi gənclərdə yanlış davranış modellərinin normal və hətta uğur gətirən vasitə kimi qəbul edilməsinə səbəb olur. Nəticədə virtual aləmdə yayılan müəyyən tendensiyalar real həyatda da gənclərin davranış və düşüncə tərzinə təsir göstərməyə başlayır”.
Günel Cəlilova


