Hörümçəklərdən niyə qorxursunuz?

KÖŞƏ YAZILARI
10:45 / 15.05.2026
102

Hər insanda müxtəlif qorxular olur.

Yəni hər bir şəxsin qorxuları özünəməxsusdur. Bu fərqli qorxulardan biri də hörümçək qorxusudur. Dünyanın müxtəlif yerlərində yaşayan insanların bəzilərində bu qorxu var. Həmin insanlar hörümçək gördüklərində qorxu hissi keçirir və ondan uzaqlaşmağa başlayırlar.

Maraqlıdır ki, sözügedən həşərat çox kiçik olsa da yetişkin insanlar arasında belə ondan çox qorxanlar var. Üstəlik, bəzi insanlar hörümçək görərkən çox böyük reaksiyalar verirlər, həyəcanlanırlar və ürəkləri daha sürətlə artmağa başlayır.

Bəs bunun səbəbi nədir?
Bu barədə araşdırma aparan alimlərin sözlərinə görə, hörümçək qorxusu bizə ulu babalarımızdan miras qalıb. Çünki min illər əvvəl mağaralarda yaşayan insanlar üçün zəhərli bir hörümçək dişləməsi ölüm demək idi. Sürətlə qaçan və gözlənilməz yerlərdən çıxan bu canlılardan qorxanlar sağ qaldı və bu “ehtiyatlılıq” genini bizə ötürdülər. Artıq müasir dövrdə yaşasaq da bəzi insanlar hörümçək görəndə beyinlərində “təhlükə siqnalı” yanır və qorxmağa başlayırlar.

Əslində hörümçəkdən qorxmağa ehtiyac yoxdur...
Nəzərə alın ki, onlar insanlara hücum etmirlər. Əksinə, hörümçək insan görəndə sizdən daha çox qorxur və qaçmağa başlayır. Hətta saniyələr içində qaçıb gedir. Səsi və zəhəri olmayan, habelə hansısa problem yaratmayan həşəratdan qorxmaq məntiqli deyil. 

Unutmayın ki, hörümçəklərin təbiətə çox xeyri var. Üstəlik, bu canlılar həyətinizdə və ya evinizdə də sizə köməklik edir. Necə? Axı onlar təbiətin ən “təmizlik işçiləri” hesab olunurlar. 

Əgər hörümçəklər olmasaydı, dünyada həddindən artıq milçək, ağcaqanad və bənzər kiçik zərərverici həşəratlar olardı. Hörümçəklər bir növ onlarla mübarizə aparırlar. Yəni o çox qorxduğunuz canlı əslində sizi digər həşəratlardan qoruma funksiyasını yerinə yetirir. Bütün bu məlumatları oxuduqdan sonra hələ də bu kiçik və zərərsiz canlılardan qorxmağa davam edəcəksiniz?

Aslan
 

0