İkardi “Qalatasaray”da qalmalıdır? – Ekspert RƏYİ

İDMAN
15:52 / 12.05.2026
167

“Mauro İkardi Türkiyə futboluna gələn, Türkiyə Super Liqasında oynayan legioner oyunçular siyahısında ilk altılıqdakı futbolçulardan biridir”.

Bu sözləri “CBC Sport” telekanalının və “Footcast TV”-nin aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov Hit.az-a açıqlamasında bildirib ki, 

O bildirib ki, İkardi yeni nəslin Qalatasaraylı olmağına vəsilə olan bir profildir:


“Argentinalı ulduz “Qalatasaray”ın son 4 çempionluğunun ikisində böyük pay sahibi olub. İkardi nazlanmağı sevir, nəvazişi də istəyir. Baş məşqçi Okan Buruk son iki mövsüm ərzində onunla çox məşğul oldu. Eyni zamanda, İkardinin hazır halda qalmasının əsas səbəblərindən biri də klubun sabiq vitse-prezidenti Erden Timur idi. O, bütün məsələləri, onunla bağlı bütün problemləri yerindəcə həll etməyi bacarırdı.

Lakin bu gün İkardi sanki tək qalıb. O, mental olaraq dəstək olunacağı təqdirdə hər şeyini ortaya qoyan bir profildir. Hərçənd ki, İkardi “Qalatasaray”da Osimhendən sonra məhz bu məsələdə bir az kölgədə qaldı. Təbii ki, zədələr və şəxsi məsələləri onun meydana özünü fokuslanmasında çox ciddi problemlər yaratdı”.

Ekspert qeyd edib ki, artıq “Cim-Bom” Okan Burukla ardıcık dördüncü çempionluğunu rəsmiləşdirdi: 
“Gələn mövsümdə hədəf olaraq 27-ci çempionluq, eyni zamanda UEFA Çempionlar Liqasında daha da uğurlu çıxmağı prioritet olaraq müəyyənləşdirib. Təbii ki, transfer strategiyası bir az qarışıq olacaq. Böyük ehtimalla, komandadan gedənlər çox olacaq. Hücum fazasında alternativ oyunçu kimi Mauro İkardinin qalmağını istəyən tərəf daha çoxdur. Lakin Osimhenin yoxluğunda İkardi onun yerini doldura bilmədi. Bu da reallıqdır.

Məncə, daha peşəkar yanaşmaq lazımdır. Duyğusal davransaq, İkardi ilə iki illik müqaviləni artırmaq olar. Amma peşəkar yanaşdıqda onunla yollar ayrılmalıdır. Əgər İkardi özünü meydana verəcəksə, tez-tez səfərlər üçün, tez-tez istirahət üçün oyunların qızğın vaxtında şəxsi təyyarəsi ilə istədiyi ölkəyə uçmayacaqsa və komanda daxilinə qaynayıb-qarışacaqsa bir il də saxlamaq olar. Bəs İkardi bunları edə biləcəkmi? Məncə, çox çətindir”.

Elçin Cəfərov hesab edir ki, “Qalatasaray” Mauro İkardi ilə yollarını ayırmalıdır:
“Viktor Osimhenə alternativ kimi çox yaxşı hücumçu transfer etmək lazımdır. Bunun yoxluğunu “Qalatasaray” çox çəkdi. Ona görə də daha peşəkar davranmaq lazımdır. Lakin belə bir hücumçu transfer edilsə, İkardi üçüncü forvard kimi qalmağa razılıq versə bir il də müqaviləsini uzatmaq olar. 

Hər halda, hazırkı vəziyyətdə İkardinin “Qalatasaray”da qalma ehtimalı çox azdır. Ancaq yenə deyirəm Osimhenə alternativ hücumçu transferi edilsə, indiyə kimi verdiyi xidmətləri nəzərə alaraq azarkeşlərin çox sevdiyi İkardi ilə daha 1 il müqavilə imzalamaq da olar”.

Elmir Mustafa
 

0