İpoteka krediti ilə bağlı DƏYİŞİKLİK

İQTİSADİYYAT
13:43 / 15.05.2026
36

Ölkəmizdə İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı şərtlər sadələşdirilə bilər. 

Bu məsələ 2026-28-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişdə əksini tapıb. Sazişə əsasən, İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi ilə bağlı tədbirlər görüləcək.

Maraqlıdır, ipoteka ilə tətbiq olunacaq yeniliklər konkret olaraq nədən ibarət olacaq?

İqtisadçı ekspert, beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov Hit.az-a açıqlamasında deyib ki, ipoteka kreditləri İpoteka və Kredit Zəmanət Fondu tərəfindən icra olunur: 

399308

“Müsbət məqamlardan biri odur ki, Fondun nizamnamə kapitalında davamlı artım müşahidə edilir. Mövcud ipoteka şərtlərinə nəzər saldıqda, 10 il əvvəlki vəziyyətlə müqayisədə göstəricilərin daha yaxşı olduğu görünür. Problem əsasən qanunvericiliyin mövcud olub-olmaması ilə deyil, real iqtisadi mühit və praktiki çətinliklərlə bağlı idi. Bu səbəbdən bir sıra praktik problemlər ortaya çıxırdı və hazırda həmin məsələlərlə bağlı müzakirələr aparılır.
İpoteka və Kredit Zəmanət Fondunun rəsmi saytında verilmiş ipoteka kreditlərinin sayı da açıqlanır. Hökumət tərəfindən müəyyən edilən əsas meyarlardan biri sosial dəstəyə ehtiyacı olan şəxslərin güzəştli kreditlərdən yararlanmasının təmin edilməsidir. Dünyanın bir çox ölkəsində bu sahədə müxtəlif praktikalar tətbiq olunur”.

Həmsöhbətimizin sözlərinə görə, verilən ipoteka kreditlərinin həcmi göstərir ki, məsələ təkcə vəsait ayrılması ilə bağlı deyil: 

“Məsələn, bəzi vətəndaşlar rəsmi gəlirlərini təsdiq edə bilmədikləri üçün onların ödəmə qabiliyyətinin qiymətləndirilməsində problemlər yaranırdı. Bundan əlavə, ilkin ödənişlə bağlı normativ tələblər mövcuddur və bu göstərici adətən 20-25 faiz təşkil edir. Beynəlxalq təcrübədə isə belə bir model tətbiq olunur ki, vətəndaş rəsmi gəlirini sübut edə bilmədiyi halda, kommunal ödənişlər və digər maliyyə öhdəlikləri vasitəsilə ödəmə qabiliyyətini təsdiqləyə bilir. Hazırda bu modelin Azərbaycanda tətbiqi ilə bağlı da müzakirələr aparılır”.

Günel Cəlilova

0