İmtahan stressinə səbəb olan valideynlərdir?

SOSİAL
12:00 / 15.05.2026
86

İmtahan mövsümü yaxınlaşdıqca şagird və tələbələr arasında stress, gərginlik və psixoloji təzyiq halları daha qabarıq şəkildə hiss olunmağa başlayır.

Xüsusilə qəbul, buraxılış və semestr imtahanları dövründə bir çox gəncdə həyəcan, qorxu, özünəinamın azalması və nəticə ilə bağlı narahatlıq müşahidə olunur. Bəzi hallarda bu gərginlik gündəlik həyat tərzinə, yuxu rejiminə və ümumi psixoloji vəziyyətə də mənfi təsir göstərir.

Psixoloq Aytən Ələkbərova Hit.az-a açıqlamasında deyib ki, imtahan dövründə müəyyən qədər həyəcan və narahatlıq yaşamaq tamamilə normal hesab olunur: 

399294

“Hətta bu hisslər şagirdin məsuliyyətli yanaşmasının göstəricisi sayılır. Ancaq bəzi hallarda stress həddindən artıq güclənir və bu vəziyyətin əsas səbəblərindən biri də ailə üzvlərinin övlad üzərində yaratdığı təzyiq olur. Valideynlərin “sənə bu qədər xərc çəkmişik”, “uğursuz olsan bizi utandırarsan” kimi ifadələri uşağın psixologiyasında ciddi iz buraxır. Bu sözlər şagirdin özünəinamını azaldır və imtahan zamanı bildiyi mövzuları belə unutmasına səbəb olur”.

Psixoloqun sözlərinə görə, valideynlərin əsas məqsədi yüksək nəticə tələb etmək deyil, övladın psixoloji vəziyyətini qorumaq olmalıdır: 

“Təəssüf ki, bəzi ailələrdə zəif nəticə faciə kimi qəbul edilir və bütün günah uşağın üzərinə qoyulur. Bu cür münasibət isə gənclərdə ümidsizlik, dəyərsizlik hissi yaradır, bəzən ağır psixoloji nəticələrə belə gətirib çıxarır. Halbuki hər bir uşağın potensialı, marağı və bacarığı fərqlidir. Övladdan nəyisə tələb edərkən onun imkanlarını nəzərə almaq, ona dəstək olmaq və psixoloji təzyiqdən uzaq durmaq vacibdir”.

Günel Cəlilova

0