ABŞ ilə Çin arasında qarşıdurma olacaqdı?

DÜNYA
10:46 / 14.05.2026
118

Son zamanlarda ABŞ ilə Çin arasındakı münasibətlər kifayət qədər gərgin idi.

İran müharibəsində Çinin Tehrana gizli şəkildə dəstək verməsi Vaşinqtonda da narazılıqla qarşılanırdı. Üstəlik, Çin Ukrayna müharibəsində də Rusiyaya zaman-zaman dəstək verirdi. ABŞ isə öz növbəsində Tayvanı dəstəkləməklə qarşı həmlə edirdi.

Bütün bunlar isə Vaşinqton-Pekin münasibətlərinin gərginləşməsinə səbəb olurdu. Hətta iki ölkə arasında qarşıdurma yarana biləcəyi iddia olunurdu. Bu iddialar fonunda isə ABŞ Prezidenti Donald Tramp Çinə səfər edərək gərginliyi azaltmağı seçdi.

Maraqlıdır, həqiqətən ABŞ ilə Çin arasında qarşıdurma ehtimalı var idi?

Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi ekspert Novruz Novruzov Hit.az-a açıqlamasında bildirib ki, dünyanın yeni nizamı çərçivəsində ABŞ ilə Çin arasında münasibətlər sahəsində yeni balans yaranıb:


“Əvvəllər dünyanın nəhəng dövlətləri barədə danışanda ABŞ, Rusiya və Çin sıralaması vardısa indi ABŞ, Çin, Rusiya sıralaması tətbiq olunur. Çin buna sürətli inkişaf sayəsində nail olub və hətta bəzi müasir istehsal sahələrində öz rəqiblərini üstələməyi bacarıb. Bu mənada Amerikanın Çinlə böyük qarşıdurmalara getməsi inandırıcı deyil. 

Yəqin etmək olar ki, amerikalı diplomatlar İranla müharibədən nəticə çıxarmaqda çətinlik çəkməyəcəklər. Onlar indi anlayırlar ki, əgər İran müharibədə hava hücumdan müdafiə vasitələrinin yarıb keçmək üçün eyni vaxtda 1000 PUA göndərirdisə Çin müharibə zamanı 10000 PUA göndərə bilər və bunun qarşısını tam almaq heç cür mümkün deyil”. 

Ekspertin sözlərinə görə, bu səbəbdən Çinlə qarşıdurmaya getmək ABŞ-yə sərf etməz:
“Ancaq ticarət sahəsində müəyyən qarşılıqlı razılaşmalar çərçivəsində görüşmək mümkündür. Bu istiqamətdə də əsas məqam Trampın ambisiyalarına Çinin qarşılıq göstərəcəyi proqnozlaşdırıla bilər. Siyasi qarşıdurma isə Tayvan üzərindən baş verə bilər ki, bu problemdə də əvvəlki qaydalar xeyli dərəcədə pozulub. 

Belə ki, Tayvan rəhbərliyi Amerikanın İrana hücumunun nəticələrini görməzdən gələ bilməz və buna görə də siyasi trayektoriyada Çinlə münasibətlərin koordinasiyası önə çıxa bilər. Daha yumşaq şərtlər daxilində Çin-Tayvan münasibətləri əsaslı şəkildə yumşalmağa doğru gedər. ABŞ isə bu prosesi yalnız kənardan müşahidə edə bilər, daha hərbi gücdən istifadə niyyətinə düşməz”.

Elmir Mustafa

0