Diogen sindromu və xilas yolları nədir?

SAĞLAMLIQ
12:30 / 13.05.2026
121

“Psixologiyada nadir rast gəlinən sindromlardan biri də Diogen sindromudur”.

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu, insanın həm özünə, həm də yaşadığı mühitə qarşı laqeyd davranmağa başladığı ağır psixoloji vəziyyətlərdən biridir:


“Bu sindromdan əziyyət çəkən insanlar zamanla şəxsi gigiyenaya diqqət etməyi dayandırır, insanlardan uzaqlaşır, tək qalmağa üstünlük verir və evdə lazımsız əşyaları həddindən artıq toplamağa başlayırlar. Bəzən vəziyyət o həddə çatır ki, insan hətta zibilləri belə atmır və yaşadığı məkan tamamilə nəzarətdən çıxır”.

Ekspert sözügedən sindromun yaranma səbəblərindən danışıb:
“Bu sindromun yaranmasının əsas səbəblərindən biri ağır psixoloji travmalar, uzunmüddətli tənhalıq, depressiya və emosional boşluq hissidir. İnsan özünü cəmiyyətdən uzaq hiss etdikcə daxilindəki qarışıqlıq yaşadığı mühitə də əks olunur.

Bəzi hallarda uşaqlıq dövründə yaşanan sevgisizlik, diqqətsizlik və təhlükəsizlik hissinin olmaması da illər sonra bu formada ortaya çıxa bilir. Beyində yaşla bağlı yaranan dəyişikliklər, xüsusilə yaşlı insanlarda yaddaş və qərarvermə problemləri də bu sindromun yaranmasına təsir göstərə bilər”.

Psixoloq diqqətə çatdırıb ki, əşya yığmaq çox zaman insanın daxili boşluğunu doldurma cəhdi olur:
“İnsan bəzən əşyaları itirməkdən qorxduğu kimi əslində həyatındakı bağlılıqları itirməkdən də qorxur. Buna görə lazımsız görünən əşyalar belə onun üçün emosional məna daşımağa başlayır. Sosial izolyasiya isə problemi daha da dərinləşdirir. İnsan tək qaldıqca vəziyyətini görən, ona dəstək olan biri olmur və sindrom zamanla ağırlaşır”.

Zəhra Zahidova Diogen sindromundan xilas yollarından da bəhs edib:
“Bu vəziyyətdən çıxmaq mümkündür, amma bunun üçün insanı mühakimə etmək yox, anlamaq lazımdır. İlk addım psixoloji dəstək almaqdır. Psixoterapiya insanın daxili travmalarını, qorxularını və tənhalıq hissini anlamağa kömək edir. Yaxın insanların anlayışlı və səbirli davranması da çox vacibdir. Çünki sərt münasibət və təzyiq bu insanları daha da qapalı hala gətirə bilər. 

Kiçik addımlarla gündəlik həyat nizamını bərpa etmək, sosial əlaqələri artırmaq və yaşadığı mühiti yavaş-yavaş dəyişmək sağalma prosesində mühüm rol oynayır. Diogen sindromu sadəcə dağınıqlıq və ya pintilik deyil. Bu, insanın daxildə uzun müddət susaraq yaşadığı psixoloji ağrıların və tənhalığın görünən tərəfidir”.

Pərviz

0