Toy sadə nikah mərasimi formatına qaytarıla bilər?

SOSİAL
15:18 / 14.05.2026
101

Son illərdə Azərbaycanda keçirilən toy mərasimləri əvvəlki milli ruhundan və sadəliyindən xeyli uzaqlaşıb. 

Vaxtilə ailə dəyərlərini, adət-ənənələri və səmimiyyəti əks etdirən toylar indi daha çox təmtəraqlı şou xarakteri daşıyır. Bir çox məclisdə əsas diqqət milli ənənələrdən çox bahalı məkanlara, nümayişkaranə hazırlıqlara və dəbdəbəyə yönəlir.

Toyların həddindən artıq təmtəraqlı keçirilməsi isə ailələr üçün ciddi maliyyə çətinlikləri yaradır. Bəzi ailələr cəmiyyət içində geri qalmamaq və ya “ayıb olmasın” düşüncəsi ilə imkanlarından artıq xərc çəkməyə məcbur qalırlar. Nəticədə toy xərclərini qarşılamaq üçün kredit götürən və ya uzun müddət borc ödəyən ailələrin sayı artır. Bu isə yeni qurulan ailələrin həyatına maddi problemlərlə başlamasına səbəb olur. 

Bu səbəbdən də toyların daha keçirilməsi ilə bağlı zamanla müxtəlif təkliflər səslənir. Bu günlərdə türkiyəli müğənni Seda Sayan verilişlərin birində dəbdəbəli toyların yerinə sadə nikah mərasimlərinin keçirilməsinin vacibliyini dilə gətirib. Seda Sayanın məlum təklifi Azərbaycan ictimaiyyəti tərəfindən xoş qarşılanır. Sadə nikah mərasimlərinin tərəfdarları düşünürlər ki, ailə qurmaq üçün əsas olan təmtəraq deyil, qarşılıqlı sevgi, hörmət və məsuliyyətdir. 

Beləliklə, kiçik və səmimi mərasimlər həm israfçılığın qarşısını alar, həm də ailələri borc yükündən qoruyar. Bununla yanaşı, toyun milli adət-ənənələrin bir hissəsi olduğunu düşünənlər də var. Onlara görə insanlar bu sevincli günü yaxınları ilə birlikdə qeyd etmək istəyir və buna görə geniş toy məclislərinin keçirilməsi normaldır.

Günel Cəlilova

0