Hər valideyn həyatında ən azı bir dəfə “Məgər mən divarla danışıram?” sözünü dediyi anı yaşayır.
Otağın ortasında dayanıb ən məntiqli, ən xeyirli məsləhətləri verirsiniz, amma qarşınızdakı uşaq sanki başqa bir tezlikdə yayımlanan radio stansiyasını dinləyir. Üstəlik, o, sizin övladınızdır. O an nə desəniz də uşağın sizi dinləmədiyini görərək əsəbiləşirsiniz.
Bəs bunun səbəbi nədir?
Unutmayın ki, uşaqlar nəsihət sevmirlər. Hətta onlara nəyi qadağan etsəniz, onu etməyə meyilli olurlar. Psixologiyaları belədir, nə edək? Nəticədə, biz də uşaq olmuşuq, bənzər yollardan keçmişik. Yaxşı olar ki, uşağa nəyisə nəsihət və ya əmr formasında deməyin. O halda övladınız sizi dinləməyəcək. Məsələn, “yeməyini ye, dərslərini oxu, telefonu yerə qoy” kimi sözlər ünsiyyət deyil, idarəetmədir.
Uşaqlar isə bu cür cümlələri bir müddət sonra sanki “fon musiqisinə” çevirirlər. Yəni siz nə qədər desəniz də, o öz bildiyini edəcək.
Nə etməliyik?
Ən pisi isə odur ki, onlar bizdən nəsihət eşitməyə o qədər öyrəşiblər ki, həqiqətən vacib bir şey deyəndə belə, beyinləri avtomatik olaraq “yenə həmin söhbətdir” filtrini işə salır. Ona görə də uşaqla dost olmaq, onla söhbət etmək lazımdır. Doğru ünsiyyətlə istənilən məsələni həll etmək mümkündür. Bir şeyi əmr deyil, xahiş formasında desəniz uşaq böyük ehtimalla onu yerinə yetirəcək. Çünki onlar bizi eşitmədikləri üçün deyil, özlərini sübut etmək üçün müqavimət göstərirlər.
Nəticədə, uşaqların valideynlərini dinləməməsi həmişə hörmətsizlik demək deyil. Bu, bəzən bir imdad fəryadıdır. O, sanki “məni əmrlərinlə deyil, hisslərinlə gör” deməyə çalışır. Bəlkə də həll yolu səsimizi ucaltmaqda deyil, onların dünyasına enib, bir müddət orada qonaq qalmaqdadır. Çünki insan yalnız başa düşüldüyünü hiss etdiyi adamı həqiqətən dinləyir...
Aslan


