“Avroviziya”ya maraq azalıb...

MƏDƏNİYYƏT
15:00 / 13.05.2026
88

Ötən gün Avstriyanın paytaxtı Vyana şəhərində “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. 

Sabah isə ikinci yarımfinal mərhələsi keçiriləcək. Azərbaycan təmsilçisi JIVA bu yarımfinalda “Just Go” mahnısı ilə ikinci sırada səhnəyə çıxacaq. 

Qeyd etdiyimiz kimi, “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı artıq keçirilib. Lakin əvvəlki illərlə müqayisədə bu il yarışmaya olan marağın nəzərəçarpacaq dərəcədə azaldığı açıq şəkildə hiss olunur. Bu azalma təkcə Azərbaycanda deyil, Avropanın bir çox ölkəsində də müşahidə edilir. Bir vaxtlar milyonlarla insanın böyük maraq və həyəcanla izlədiyi “Avroviziya” artıq əvvəlki təsir gücünü itirmək üzrədir. 

Əvvəllər insanlar müsabiqənin başlayacağı günü səbirsizliklə gözləyir, iştirakçı ölkələrin çıxışlarını müzakirə edir, favoritlərini müəyyənləşdirirdilər. Sosial şəbəkələrdə, televiziya proqramlarında, gündəlik söhbətlərdə “Avroviziya” əsas mövzulardan birinə çevrilirdi. İndi isə həmin marağın xeyli zəiflədiyi görünür.

Xüsusilə də əvvəlki illərlə müqayisədə insanların müsabiqəyə emosional bağlılığı azalıb. Bir çox şəxslər artıq yarışmanın nə vaxt keçirildiyindən belə xəbərsizdir. Şəhər sakinlərinin əksəriyyəti “Avroviziya”nın yarımfinal mərhələsinin baş tutduğunu bilmədiklərini, iştirakçı mahnılarla maraqlanmadıqlarını deyirlər. Bu vəziyyət onu göstərir ki, müsabiqə əvvəlki illərdə olduğu kimi geniş auditoriyanı öz ətrafında birləşdirə bilmir.

Azərbaycan üçün isə “Avroviziya” uzun illər xüsusi əhəmiyyət daşıyan yarışmalardan biri olub. Xüsusilə ölkəmizin müsabiqədə qalib gəlməsi həmin dövrdə böyük sevinc və qürur hissi yaratmışdı. O illərdə insanlar yarışmanı daha böyük diqqətlə izləyir, Azərbaycan təmsilçilərinə ciddi dəstək göstərirdilər. Hətta müsabiqə ölkədə musiqi sahəsinə marağın artmasına da müəyyən təsir etmişdi. Bakının ev sahibliyi etdiyi yarışma isə uzun müddət yadda qalan hadisələrdən biri oldu.

Ancaq görünür ki, zaman keçdikcə həmin maraq zəifləməyə başlayıb. Bəziləri hesab edir ki, Azərbaycan üçün əsas hədəf həmin qələbəni əldə etmək idi və bu məqsədə çatdıqdan sonra yarışmaya münasibət dəyişməyə başladı. Yarışma hələ də böyük beynəlxalq layihələrdən biri hesab olunsa da, ona olan münasibətin dəyişdiyi və tamaşaçı marağının əvvəlki səviyyədə olmadığı hiss edilir...

Günel Cəlilova

0