Yuxular bizə mesaj verir?

MARAQLI
16:54 / 12.05.2026
150

Yuxular qədim dövrlərdən bəri insanların maraq dairəsində olub və bu mövzu ətrafında müxtəlif yanaşmalar formalaşıb. 

Kimiləri yuxuları insanın daxili aləminin, düşüncə və hisslərinin əksi hesab edir, digərləri isə onları müəyyən işarə və mesaj kimi qiymətləndirir. Bu səbəbdən də yuxuların mənası ilə bağlı müzakirələr bu gün də aktuallığını qoruyur.

Bəzi insanlar gördükləri yuxuların gələcək hadisələrlə əlaqəli olduğunu düşünür, digərləri isə bunu psixoloji amillərlə, gündəlik yaşantıların və şüuraltının təsiri ilə izah edir. Xüsusilə dini inanclarda yuxuya fərqli yanaşmalar mövcuddur.


İslam mənbələrində də yuxu anlayışına xüsusi yer ayrılır. Qurani-Kərimdə Yusif peyğəmbərin yuxuları yozması və bəzi hadisələri öncədən xəbər verməsi qeyd olunur. Bu isə yuxuların dini baxımdan müəyyən mənalar daşıya biləcəyi fikrini gücləndirir.

Bəs İslamda hər yuxu xüsusi məna daşıyırmı? Dinə görə insanın gördüyü yuxular gələcək hadisələr barədə xəbər verə bilərmi, yoxsa bunlar sadəcə insan zehninin məhsuludur?

İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında deyib ki, yuxuya dinlər kiçik ölüm kimi baxıblar: 

398999

“İnsanın istirahəti olmaqla yanaşı, yuxu həm də ibrət üçün, ölümün xatırlanmasıdır. Çünki dinə görə insana məxsus iki ruhdan biri yuxu zamanı cismi tərk edir, seyr edir. İnsan ayrıldıqda isə ruh qayıdır. Peyğəmbərə vəhy həm də yuxuda gəlirdi. Yusif peyğəmbər yuxu yozmaqda mahir idi. 

Yuxuda gələcəyə xas olayın mesajı, görüntüsü insana təqdim oluna bilər. Bu da Allahın hikməti ilədir. Elm hələ aydınlıq gətirə bilmir. Yuxu və insan psixologiyasına aid sahə ilə daha dərin Zuqmund Freyd məşğul olub, lakin tam mahiyyəti, sirlərini aça bilməyib. Yuxu ruhla əlaqədar olduğu üçün fiziki aləmdən kənar məsələdir”. 

İlahiyyatçının dediyinə görə, yuxu vasitəsi ilə insana ağlının kəsmədiyi, tərəddüd etdiyi hadisənin düzgün istiqaməti də verilə bilər: 

“Səhərə yaxın görülən yuxular adətən səhih olur. Qəza və qədər əvvəlcədən Allaha məlum olduğu üçün bəzən insan yuxuda gördüyü hadisə, ssenari ilə bir müddətdən sonra qarşılaşır. Yuxuda xarici ölkə görür, bir müddətdən sonra elə bir vəziyyət yaranır ki, o həmin ölkəyə gedəsi olur. 


Yuxuları idarə etmək mümkün deyil və olmayacaq. Ona görə də arzuedilən şeyləri yuxu vasitəsi ilə bilmək, gələcəkdən xəbər vermək mümkün olmayacaq. Lakin hər kəs özünə aid və Allahın açdığı qədər pərdənin arxasını görə biləcək”.

Tural İrfan vurğulayıb ki, yuxu ilahi sirrin parçası, kiçik ölüm və vəhyin bir növüdür:

“Allah öz bəndəsinə bir çox hallarda yuxuda xəbərdarlıq edir, müjdə verir. Allahın bildirdiyi istədiyi qədər, hər kəs fərdi şəkildə yuxuda gələcəyi görə bilər. Lakin ümumi və kütləvi şəkildə, gələcəkdəki hadisələri bilmək üçün süni şəkildə bir metod meydana gətirmək effekt verməz. Elm, tibb və ağıl hələ ruhun və yuxunun əsl mahiyyətini, istiqamətini, idarəsini aça, öyrənə bilməyib”.

Günel Cəlilova

0