Son illərdə ölkəmizdə motosiklet sürənlərin sayı xeyli artıb.
Əvvəllər daha çox kuryerlərin istifadə etdiyi bu nəqliyyat vasitəsi artıq başqa işlərdə çalışanlar tərəfindən də seçilir. Tıxacda qalmamaq, sürətli şəkildə istənilən yerə çatmaq və ekonomik olması onu arzuolunan edir. Lakin bəzi motosiklet sürücüləri tuninq edirlər. Hətta bəzən bu dəyişiklər o qədər çox olur ki, qəza riskini artırır.
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında bildirib ki, dünyanın müxtəlif ölkələrində motosikletlərə tuninqlər edilir:
“Bu, istehsalçı zavodun dəstəyi ilə və yaxud razılaşdırılmış bir təşkilat tərəfindən həyata keçirilir. Əslində, dövlət və ya özəl orqanın etməsinin hər hansısa fərqi yoxdur. Çünki bu, razılaşdırılmış bir prosedurdur”.
Ekspert qeyd edib ki, istər tuninq edilən nəqliyyat vasitələri, istərsə də digər nəqliyyat vasitələri həcm və etibar olaraq onların iş prinsipini, habelə öz alqoritmini qoruyub saxlamalıdır:
“Yəni istehsalçının tərəfindən qoyulan əsas hissələrə toxunulmamalıdır. Əsas məsələ motosikletin bu və digər formada öz dəst-xəttini, iş prinsipini saxlamaqdır. Yəni ona edilən əlavələr görüşü məhdudlaşdırmamalı, sürücünün diqqətini yayındırmamalı və təhlükəyə səbəb olmamalıdır. Əks halda, bu, ciddi pozuntu yarada, eləcə də qəza riskini artıra bilər. Ona görə də bu standartlara cavab verməyən müdaxilələrin edilməsi yolverilməzdir”.
Pərviz



