Rus bölməsində şagirdlərin sayı niyə azalıb?

ÖLKƏ
14:34 / 13.09.2023
1094

Bu il birinci sinif üzrə məktəblərin rus dili bölməsinə qəbul olunan uşaqların sayı 25% azalıb. Əgər ötən tədris ilində 14989 nəfər 1-ci sinif şagirdi məktəb həyatına rus sektoru üzrə başlamışdısa, bu il bu rəqəm 11943 nəfərdir.

Maraqlıdır, bu azalmanın səbəbi nədir?

Təhsil eksperti Kamran Əsədov Hit.az-a açıqlamasında bildirib ki,  hzırda ümumilikdə orta məktəblərin 7,6%-də təhsil rus dilindədir:

333687

"4472 orta məktəbin 340-ı rus məktəbidir. Bu məktəblərdə 90 min şagird oxuyur. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3%-i rus dilində oxuyur. Orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32%-i deməkdir. Azərbaycanda bütün xalqların nümayəndələrinə öz ana dilində rahat təhsil alma imkanı yaradılıb. Amma bu il rus bölməsində 1-ci sinifə gedən şagirdlərin sayında azalma var. Belə ki, 2023/2024-cü tədris ili üzrə rus bölməsi üzrə birinci sinfə 11 943, məktəbəhazırlıq qruplarına 5 568 uşaq qəbul olub, ötən 2022/2023-cü il tədris ilinin əvvəlində isə rus bölməsinə birinci sinfə 14 989, məktəbəhazırlıq qruplarına 6 168 uşaq qəbul olunub".

O bildirib ki, azalmanın bir neçə səbəbi var:

"Rus bölməsində azalmanın birinci səbəbi ümumi şagird sayındakı azalma ilə balıdır. İkinci səbəbi rus bölməsinə qəbul zamanı müsahibə mərhələsidir ki, rus bölməsində təhsil almaq arzusunda olanların sayının çox olmasına baxmayaraq, az bir qismi rus dilində bilik və bacarıqları olduğu üçün müsahibədən uğurla keçib. Bundan əlavə, valideyinlər övladlarını rus bölməsinə qoysalar da, ibtidai siinfdə yaxşı təhsil alan uşaqlar, yuxarı siniflərdə ixtisaslı müəllim çatışmazlığı ilə üzləşir. Belə ki, 6-11-ci siniflərdə rus bölməsi üzrə xüsusi ilə texniki və təbiət fənləri ilə bağlı ciddi müəllim çatışmazlığı var. Buna görə də valideyinlər ibtidai sinifdən sonra problem yaşamamaq üçün elə ibtidaidən uşaqlarını rus bölməsindən yayındırmağa başlayırlar".

Aynur Əli

1