Xroniki bel ağrısının beyində fərqli mexanizmi aşkarlandı

SAĞLAMLIQ
21:24 / 31.10.2026
54

Alimlər xroniki bel ağrısı olan insanlarda hərəkət zamanı yaranan ağrının beyində adi ağrı reaksiyasından fərqli mexanizmi işə saldığını müəyyən ediblər. Məlum olub ki, belə hallarda insanın özünə yönəlmiş düşüncələri, xatirələri və daxili dialoqu ilə əlaqəli beyin şəbəkəsinin aktivliyi artır.

HİT.az xəbər verir ki, Kaliforniya Universitetinin San-Dieqo kampusunun tədqiqatçıları bu nəticəyə 114 nəfərin iştirakı ilə apardıqları araşdırma zamanı gəliblər. Tədqiqatın nəticələri “British Journal of Anaesthesia” jurnalında dərc olunub.

Təcrübə iştirakçıları funksional MRT müayinəsindən keçərkən ayaqlarını qaldırmaq tapşırığını yerinə yetiriblər. Bu hərəkət xroniki bel ağrısını üzə çıxarmağa imkan verib. Alimlər arterial spin nişanlama üsulu ilə beyin qan dövranındakı dəyişiklikləri də izləyiblər.

Nəticələrə əsasən, hərəkətdən sonra iştirakçıların ağrı intensivliyi orta hesabla 23 faiz, ağrının yaratdığı narahatlıq hissi isə 26 faiz artıb. Eyni zamanda, ağrı siqnallarını emal edən beyin sahələrində, eləcə də medial prefrontal və arxa singulat korteksdə qan axını güclənib.

Sonuncu iki nahiyə beynin passiv rejim şəbəkəsinə (DMN) daxildir. Bu şəbəkə insanın özü haqqında düşünməsi, xatirələri yada salması və daxili dialoqu zamanı daha fəal olur. Diqqət xarici stimullara yönəldikdə isə onun aktivliyi, adətən, azalır.

Tədqiqatçılar nəticələri müqayisə etmək üçün iştirakçılara baldır nahiyəsində ağrılı istilik stimulu da tətbiq ediblər. Bu zaman beynin passiv rejim şəbəkəsinin fəaliyyəti kəskin ağrı zamanı gözlənilən şəkildə azalıb. Lakin xroniki bel ağrısı hərəkətlə gücləndikdə əks proses müşahidə olunub – şəbəkənin aktivliyi artıb.

Bundan başqa, xroniki ağrısı daha şiddətli olan şəxslərdə beynin passiv rejim şəbəkəsi ilə kürəyi təmsil edən somatosensor korteks sahəsi arasında funksional əlaqənin daha güclü olduğu müəyyən edilib.

Müəlliflər hesab edirlər ki, uzunmüddətli ağrı insanın öz bədənini qavraması və hərəkətlə bağlı gözləntiləri ilə sıx əlaqədə ola bilər. Bununla belə, alimlər vurğulayırlar ki, bu nəticələr ağrının xəyal məhsulu olduğunu və ya yalnız psixoloji səbəblərdən qaynaqlandığını göstərmir.

Araşdırma xroniki bel ağrısının beyində necə emal olunduğuna dair yeni məlumatlar təqdim etsə də, hələlik konkret müalicə üsulunun effektivliyini sübut etmir. Aşkar edilən mexanizmlərin gələcəkdə mümkün müalicə hədəfi olub-olmayacağı əlavə tədqiqatlarda yoxlanılmalıdır.

Samir

0