Apatiya nədir? - Psixoloq cavabı

ÖLKƏ
21:19 / 22.02.2024
273

Yəqin ətrafınızda həyata, cəmiyyətdə aş verənlərə qarşı çox laqeyd olan insanlar görmüsünüz. Gənc ikən ruhu itmiş, özünü qoca adam kimi aparan, heç bir işə həvəsi olmayan, sevdiklərinə laqeyd münasibət göstərən insanlardan danışacağıq. Onlar əslində apatiya adlı qorxunc bir xəstəliyin cəngində səssiz- səssiz çabalayırlar.

Bəs apatiya nədir, çarəsi varmı?

Hit.az-ın sualını psixiatr Fuad Bəşirov cavablandırır:

“Apatiya, ətrafda baş verən hadisələrə tam laqeydlik , duyğuların göstərilməməsi şəklində özünü göstərən psixoloji xəstəlikdir. Depressiya, şizofreniya, mərkəzi sinir sistemindəki nasazlıq, endokrin xəstəliklər, psixotrop dərmanların istifadəsi, narkotik və ya alkoqoldan asılılıq  apatiyanı üzə çıxara və ya ona səbəb ola bilər.

İnsanın gündəlik həyatında hər şeyə marağı, həvəsi itir, hətta cinsi istəyi, ehtirası da yoxa çıxır. Bu xəstəliyə hormonal balansın pozğulması, güclü, uzunmüddətli və düzgün olmayan pəhriz, qanazlığı, psixotrop dərmanlar səbəb ola bilir. Apatiyada olan insan özünü tükənmiş hiss edir. Heç nəyə gücü yetmir və sağalmaq üçün addım atmır. Apatiyanın fiziki ekaqnetiv, emosianal və güclü iradə növləri mövcuddur.

Ekaqnetiv səviyyədə olan apatiya pozğunluğu zamanı hər şey mənasızlaşır, xəstələr heç bir şey etmək istəmirlər. Emosional səviyyədə olan apatiya pozğunluğunda insan özünü məyus hiss edir. Tez-tez ağlayır. Güclü iradə apatiyası zamanı insanın həyatında irəliləmək üçün motivasiyası olmur”,- deyə həkim bildirib.

O qeyd edib ki, apatiya zamanı xəstəyə öncə istirahət verilməlidir. Bədən psixologiyanı zora salan səbəblərlə bağlı özünü deaktiv etmiş ola bilir.

"Xəstə stressli vəziyyətlərdən çəkinməli, yatmalı və düzgün qidalandırılmalıdır. Təmiz havada gəzmək, yüngül gimnastikanın (yoqa və plates çox kömək edir)  faydası ola bilər. Lakin bütün bunlar həkim nəzarətində və müəyyən psixiatrik dərmanların köməyi ilə həyata keçirilməlidir. Apatiyada olan xəstəyə mütləq yardım lazımdır, əks halda o öz qaranlığında itib-batar, illərlə bu vəziyyətdə qala bilər”, həkim bildirib.

Murad

0