Böyük Britaniyada yaşayan Devid Kertis həyat yoldaşına işə getdiyini söyləyərək evdən ayrılıb, daha sonra isə Taylanda gedərək başqa qadınla ailə qurub. Onun ikinci nikahından ilk həyat yoldaşı sosial şəbəkələrdə yayılan toy dəvətnamələri vasitəsilə xəbər tutub.
HİT.az xəbər verir ki, bu barədə “The Daily Dazzling Dawn” məlumat yayıb.
Devid 16 ildən çox əvvəl tanış olduğu Kirsti ilə 2015-ci ildə evlənib. Cütlük Derbişir qraflığında öz evlərində yaşayıb. 2025-ci ilin aprelində kişi həyat yoldaşına onu sevdiyini desə də, ertəsi gün evdən çıxaraq geri qayıtmayıb.
Bir müddət sonra Kirstiyə mesaj göndərən Devid evlilikdən yorulduğunu və tək qalmaq istədiyini bildirib. Daha sonra isə həyat yoldaşını bloklayıb. Sonrakı açıqlamalarında yoxa çıxmasını əsəb böhranı ilə əlaqələndirib və dünyanı gəzmək niyyətində olduğunu söyləyib.
Lakin qadın ərinin Taylandda 35 yaşlı Kvanta Satipcanla evləndiyini sosial şəbəkələrdən öyrənib. Məlum olub ki, Devid yeni sevgilisi ilə Taylanddakı barların birində tanış olub və toy mərasiminə qohumlarını da dəvət edib. Üstəlik, ilk həyat yoldaşından rəsmi qaydada boşanmayıb.
Ərinin ikinci dəfə evləndiyini öyrənən Kirsti polisə müraciət edib. 2026-cı ilin fevralında Devid Böyük Britaniyaya qayıdarkən Hitrou hava limanında saxlanılıb.
Məhkəmədə ikiarvadlılıq ittihamını qəbul edən kişi altı ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Onun üçün 18 aylıq sınaq müddəti müəyyənləşdirilib, həmçinin 100 saat ictimai işlərə cəlb olunması barədə qərar verilib.
Hazırda Devid yeni həyat yoldaşı ilə Lids şəhərində yaşayır. Kirsti isə artıq boşanma prosesini başa çatdırıb. Qadın baş verənlərə baxmayaraq, keçmiş ərinin niyə bu yolu seçdiyini hələ də anlamadığını bildirib.
Samir


