ABŞ-ın Şimali Karolina ştatında həyat yoldaşını zəhərləməyə cəhddə ittiham olunan qadının aylarla ChatGPT-dən cinayət planı ilə bağlı məsləhətlər aldığı iddia edilir. Hadisədən sonra qadının əri süni intellekt çatbotunun həyat yoldaşının şübhələrini gücləndirdiyini və zəhərləmə cəhdinə yardım etdiyini əsas gətirərək OpenAI və şirkətin rəhbəri Sem Altmanı məhkəməyə verib.
HİT.az xəbər verir ki, bu barədə Türkiyənin “CHIP” nəşri məlumat yayıb.
Məlumata görə, Şeril Qeyts (Cheryl Gates) adlı qadın 2026-cı ilin oktyabrında birinci dərəcəli qətlə cəhd və qida məhsullarını zəhərləmək ittihamları ilə təqsirləndirilib. Onun həyat yoldaşı Ceyms Qeytsin iddiasına əsasən, qadın aylarla ChatGPT ilə söhbətlər apararaq ərini öldürməyin yollarını öyrənib.
Ceyms Qeytsin San-Fransisko Ali Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində bildirilir ki, söhbətlər əvvəlcə qadının özünü mümkün hücumlardan qorumaq məqsədilə verdiyi suallarla başlayıb. Lakin sonradan müzakirələrin məzmunu dəyişərək həyat yoldaşını zəhərləmək planına çevrilib.
İddiaçı süni intellektin mümkün zəhərli maddələr, onların dozaları, zəhərlənmənin necə gizlədilməsi və ölümün yarılma zamanı aşkarlanıb-aşkarlanmayacağı barədə ətraflı məlumat verdiyini iddia edir. Həmçinin qadına ərinin içkisinə zəhər qatmağı asanlaşdıra biləcək üsulların təklif olunduğu bildirilir.
Ərinin səhhətində ciddi problemlər yaranıb
Ceyms Qeytsin sözlərinə görə, 2025-ci ilin iyun-sentyabr aylarında bir neçə zəhərləmə cəhdi baş verib. O, xüsusilə bir hadisədən sonra 72 saat ərzində ciddi sağlamlıq problemləri yaşadığını bildirib. Kişidə ürək problemlərinə bənzər əlamətlər, kəskin qarın ağrısı, güclü halsızlıq və şüurun qarışması müşahidə olunub.
O, içdiyi “Celsius” enerji içkilərinin dadında qeyri-adi acılıq hiss etdiyini də qeyd edib.
Polisin araşdırması evdə zəhərli maddələr və dərmanlarla bağlı qeydlərin aşkarlanmasından sonra intensivləşib. Şeril Qeytsin əl yazısı ilə hazırladığı qeydlərdə müxtəlif maddələr, onların dozaları və mümkün nəticələri barədə məlumatlar yer alıb. Qadının iş sahəsində şprislər, həssas tərəzi və digər avadanlıqlar da tapılıb.
Araşdırma zamanı şübhəli içkinin görüntülərində ağ toz qalıqları aşkar edilib. Eyni markadan olan digər 10 enerji içkisi qabında isə oxşar izlər müəyyən edilməyib.
OpenAI: İstifadəçi bloklanıb
Ceyms Qeyts iddia edir ki, OpenAI təhlükəli məzmunu müəyyənləşdirmək və qarşısını almaq üçün nəzərdə tutulan təhlükəsizlik mexanizmlərini vaxtında işə salmayıb. Onun fikrincə, çatbot ümumi məlumat verməklə kifayətlənməyib, konkret şəraitə uyğunlaşdırılmış cinayət planının hazırlanmasına da kömək edib.
İddia ərizəsində söhbət tarixçəsinin silinməsi və rəqəmsal sübutların aradan qaldırılması ilə bağlı yanlış yönləndirmələrin verildiyi də qeyd olunur.
OpenAI nümayəndəsi “Ars Technica” nəşrinə açıqlamasında təhlükəsizliyin şirkət üçün prioritet olduğunu bildirib. O, sözügedən istifadəçinin platformadan bloklandığını və araşdırma çərçivəsində hüquq-mühafizə orqanları ilə məlumat paylaşıldığını deyib.
Ceyms Qeyts məhkəmədən maddi və mənəvi təzminatla yanaşı, zorakılıq və cinayət planlaşdırılması ilə bağlı söhbətləri müəyyən edərək dayandıra biləcək əlavə təhlükəsizlik tədbirlərinin tətbiqini tələb edir.
Samir


