"Dövlət imtahanlarının ləğv edilməsi üçün 3 arqument var idi" - Təhsil eksperti

ÖLKƏ
16:34 / 27.02.2024
434

Məlum olduğu kimi, artıq universitetlərdə dövlət imtahanı ləğv olunub. Belə ki, 2023-2024-cü ildə ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanı verməyəcəklər. Elm və təhsil naziri Emin Əmrullayev də sözügedən qərarı ötən həftələrdə açıqlamışdı. O, əslində bunun yeni olmadığını, 2020-ci ildə qəbul olunan təhsil standartlarında qeyd olunduğu da söyləyib. 

Ümumiyyətlə, bu dəyişikliyin hansı müsbət tərəfləri olacaq?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən təhsil eksperti Cahid İmanlı bildirib ki, hazırda mövcud olan qaydaya görə 2020-ci ildə və ondan sonra bakalavr pilləsinə daxil olan tələbələrin diplom işi müdafiə etməsi və ya attestasiya imtahanı verməsi ləğv edilib:

"Əslində bu qərar çoxdan qəbul edilməli idi, gec də olsa yenə də müsbətə doğru atılan bir qərardır. Düşünürəm ki, diplom müdafiəsinin ləğv edilməsini vacib edən əsas 3 arqument var. Birincisi, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası vacibdir. Ali təhsil sistemində qəbul etdiyimiz Boloniya sistemində diplom müdafiəsi və ya attestasiya yoxdur. Bu sistemdə tələbələrin təhsil kreditlərinin tam ödənilməsi var. Bu da tələbənin ali təhsil kursunu tam mənimsəməsini təmin edir. Hansısa formada əlavə imtahanın keçirilməsinə ehtiyac duyulmur". 

344674

Ekspert qeyd edib ki, ikinci arqument isə bakalvr təhsilinin akademik təhsil sayılmamasıdır:

"Yəni bu təhsil pilləsində tələbələrin hansısa tədqiqat işi aparmasına ehtiyac duyulmur. Tədqiqat işi - yəni diplom müdafiəsi magistratura pilləsində aktuallıq daşıyır. Tələbə bakalavr pilləsində də, magistr pilləsində də diplom işi müdafiə edəcəksə, o zaman magistr təhsilinin ümumiyyətlə nə üçün lazım olduğu haqqında suallar yaranır.

Üçüncü arqument də təhsildə korrupsiya və rüşvət faktorunu mimimuma endirmək üçün lazım idi. Heç kimə sirr deyil ki, diplom işlərinin bir çoxu elmi rəhbərlərin özləri tərəfindən tələbələrə "satılan", müxtəlif yollarla əldə edilən tədqiqatlardan ibarət idi və attestasiya prosesi zamanı da neqativ hallara çox rast gəlinirdi. Bütün bu amillər Elm və Təhsil Nazirliyi tərəfindən atılan bu addımın gec də olsa düzgün qərar olduğunu əsaslandırır".

Pərviz

0