Bu il yay necə keçəcək? - AÇIQLAMA

ÖLKƏ
13:10 / 08.04.2024
242

Son illərin statistikasına nəzər saldıqda demək olar ki, hər yay fəslində rekord dərəcə istilər qeydə alınır. 

Yəni hər yay fəsli əvvəlki illə müqayisədə daha isti keçir. Hətta son illərdə bir neçə dəfə dünya üzrə rekord istilərin yaşandığı açıqlanıb.

Bəs bu ildən gözləntilər nələrdir? Bu yay fəsli də həddindən artıq isti keçəcək, yoxsa nisbətən mülayim olacağı proqnozlaşdırılır?

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında bildirib ki, Bakı şəhəri və ya Abşeron yarımadasının iqlim şəraitini bütün ölkəyə aid etmək doğru deyil:

347493

"Nəzərə almaq lazımdır ki, Azərbaycan subtropik iqlim qurşağında yerləşir. Ölkəmiz mülayim iqlim qurşağında yerləşdiyinə görə burada özünəxas hava tipi formalaşır. Yəni buranın yayı isti, qışı isə mülayim keçir.

Üstəlik, Bakı bir səhra şəhəridir. Həmçinin, Abşeron yarımadası da səhra ərazisidir. Ona görə də Bakı şəhəri və Abşeron yarımadasında yayda hər zaman hava kifayət qədər isti olur. İsti havalar əsasən iyun ayının ikinci, üçüncü həftəsindən başlayır. İyul-avqust ayları isti keçir, sentyabr ayından isə hava şəraitində qismən mülayimləşmə gedir". 

O, bu yay fəslində də havanın isti keçəcəyini proqnozlaşdırıb:

"Bu yayın da isti və quru keçəcəyini gözləyirəm. Əlbəttə ki, Bakı və Abşeron yarımadasında iyul ayında belə ayda 2-3 dəfə yağış yağmasını istəyərdim. Amma bunlar olmayacaq. Hesab edirəm ki, iyul-avqust ayları bu il də həmişəki kimi isti keçəcək. 

Buna baxmayaraq, aprel və may ayı qismən yağıntılı olacaq. May ayından etibarən isə havanın temperaturu bir az yüksələcək. Lakin ölkə üzrə havanın temperaturu qarşıdakı aylarda bir az mülayim ola bilər. Ən azından, dağlıq və dağətəyi ərazilərimizdə orta illik yağıntıları görəcəyik".

Pərviz

0